Azərbaycan, Rusiya və İran rəsmiləri bir araya gəlir - "Yeni başlanğıc olacaq..."

Oktyabrın 13-14-də Bakı mühüm beynəlxalq görüşə ev sahibliyi edəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə yol və şəhərsalma naziri Fərzanə Sadiqi nümayəndə heyətlərinə rəhbərlik edəcəklər. Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə olunacaq. Bu görüşün Rusiya və İran üçün çox əhəmiyyətli olduğu deyilir.
Bəs, keçiriləcək üçlü sammitin önəmi nədir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlamasında bildirib ki, bu sammit Azərbaycanın regionda açar mövqeyə malik olduğunu bir daha sübut edəcək:

“Biz uzun illərdir ki, Şimal-Cənub nəqliyyat dəhlizindən danışırıq. Bu layihənin reallaşmasında Azərbaycan açar ölkədir, amma təəssüf ki, indiyədək dəhlizin tam işə düşməsi üçün zəruri şərtlər formalaşmayıb. Hazırda həm Rusiya, həm də İran kritik vəziyyətdədir, çünki hər iki ölkə beynəlxalq sanksiyalar altındadır. Onların açıq dənizlərə çıxış imkanı qazanması yalnız Azərbaycan üzərindən keçən nəqliyyat xətləri vasitəsilə mümkündür”.
Deputat qeyd edib ki, bu reallıq həm Moskva, həm də Tehran üçün Azərbaycanın strateji əhəmiyyətini bir daha ortaya qoyur:
“Azərbaycan olmasa, Şimal-Cənub dəhlizi baş tutmayacaq. Rusiya və İran bu faktı qəbul etməli, Azərbaycana münasibətlərində mövqelərini yenidən korrektə etməlidirlər. Azərbaycan çətin şəraitdə belə öz ərazisini koordinasiyaedici platforma kimi təqdim edir, amma bunun əvəzində biz nə Rusiyadan, nə də İrandan adekvat münasibət görürük”.
Hikmət Babaoğlu sammit ərəfəsində Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakıya səfərinə də toxunaraq bildirib ki, görüşdə çətin, amma vacib qərarların qəbul ediləcəyi gözlənilir:
“Şimal–Cənub dəhlizinin reallaşması üçün İran ərazisində təxminən 150 kilometrlik dəmir yolu inşa edilməlidir. Həm avtomobil, həm də dəmir yollarının əlaqələndirilməsi, infrastrukturun qurulması böyük investisiyalar tələb edir. Bu da asan məsələ deyil, çünki relyef və maliyyə şərtləri mürəkkəbdir. Azərbaycan Rusiya sərhədindən İran sərhədinə qədər beynəlxalq standartlara uyğun avtomobil yollarını inşa edib. Dəmir yolları da tam işlək vəziyyətdədir. Yəni Azərbaycanın payına düşən bütün işlər yerinə yetirilib. Azərbaycanın marağı öz ərazisindən tranzit keçidlər vasitəsilə iqtisadi və kommunikasiya inteqrasiyasını gücləndirməkdir. Rusiya və İran isə bu reallığı qəbul etməli, Azərbaycana qarşı gizli və ya açıq formada hücumlardan, təzyiqlərdən imtina etməlidirlər. Azərbaycanı öz ictimaiyyətlərinə hədəf kimi göstərmək əvəzinə, əməkdaşlığı dərinləşdirməyə çalışmalıdırlar”.
Beləliklə, deputatın fikirlərinə əsasən, Bakı sammiti yalnız nəqliyyat dəhlizinin gələcəyi üçün deyil, həm də Azərbaycan-Rusiya-İran münasibətlərində yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Bəsti Rəfizadə
Sfera.az






