1994-cü il öhdəlikləri və pozulan vədlər: Rusiya imperiya siyasətinə qayıdıb

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Ukraynadakı münaqişənin baş verməsində əsas rol oynayıb.
Rusiya prezidenti nəyi nəzərdə tutur? Ukraynada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsini, yoxsa başqa davranışı?
Politoloq Oqtay Qasımov Putinin bu açıqlamasını Sfera.az-a şərh edərək bildirib ki, bu, Rusiyanın rəsmi mövqeyini əks etdirir və Ukraynanın suverenliyi məsələsi ilə bağlı deyil.
O qeyd edib ki, Putinin sözləri daha çox Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını əsaslandırmaq üçün irəli sürülən bəhanələrdir:
“Putin illərdir Ukraynanı həmişə öz tərkib hissəsi kimi görüb və Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsini qəbul etmir. Bu, yalnız Ukraynanın Avropa və NATO ilə yaxınlaşmasını nəzərə alan bir narahatlıq deyil, eyni zamanda Moskvanın post-sovet məkanında təsirini saxlama siyasətinin bir hissəsidir”.
Ekspert vurğulayıb ki, Putinin bu çıxışı onun əvvəllər səsləndirdiyi fikirlərlə üst-üstə düşür:
“Putin əvvəllər də Ukraynanın müstəqil dövlət olmadığını, tarixdə belə bir dövlətin mövcud olmadığını söyləyib və Ukraynanı Rusiyanın tərkib hissəsi kimi təqdim edib. 2004-cü ildə Rusiyanın seçkilərə müdaxiləsi, öz "beşinci kolonunu" hərəkətə gətirməsi və milyardlarla dollar ayıraraq Ukraynada hakimiyyət çevrilişi cəhdləri də bu siyasətin davamı idi”.

Politoloq əlavə edib ki, Ukraynanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Moskva üçün “qırmızı xətt” sayılır:
“Rusiya 1994-cü ildə Ukraynanın ərazi bütövlüyünü qorumaq öhdəliyini ABŞ və İngiltərədən aldı, lakin işğal siyasəti ilə bu öhdəlikləri pozdu. Putinin NATO-nun sərhədlərinə yaxınlaşmasını əsas gətirməsi bu baxımdan ciddi arqument deyil. Əksinə, Moskva Ukraynanın müstəqil siyasət aparmasına qarşı çıxmaq üçün bəhanələr yaradır. Rusiya yalnız Ukraynanı deyil, həmçinin Cənubi Qafqaz və digər keçmiş sovet ölkələrini də nəzarət altında saxlamaq istəyir. Son 35 ildə bu siyasətin nəticələri, o cümlədən Azərbaycanın işğal altında olan ərazilərində Rusiyanın birbaşa iştirakı açıq görünür. Moskvanın hərəkətləri imperiya ideyası ilə bağlıdır və bu, Rusiya cəmiyyətində də geniş dəstək tapır”.
Bu şərhlər Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsinin beynəlxalq hüquqla necə qarşılandığı kontekstində də mühüm əhəmiyyət daşıyır. Politoloq Qasımov Putinin açıqlamalarını “geosiyasi bəhanələr” kimi qiymətləndirir və vurğulayır ki, əsl səbəblər Rusiyanın regional hegemonluq hədəfləri ilə bağlıdır.
Bəsti Rəfizadə
Sfera.az






