SOCAR-la \"ITOCHU\" arasında memorandum imzalandı - FOTO

SOCAR-la \

Bu gün SOCAR-ın Baş ofisində Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq Komitəsinin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib.

Sfera.az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov yapon şirkətlərinin Azərbaycanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərmələrindən, Azərbaycan şirkətləri ilə birgə layihələr üzrə qazanılan uğurlardan danışıb, qeyd edibki, yapon şirkətləri ölkəmizin neft-qaz sektorunda ən etibarlı tərəfdaşlardandır. 1996-cı ildə ITOCHU şirkətinin "Əsrin Müqaviləsi"nə qoşulduğunu və artıq 20 ildir ki, SOCAR ilə uğurlu əməkdaşlıq etdiyini xatırladan Y. Lətifov Azərbaycanda neft-qazçıxarmanın zəngin və qədim tarixindən söz açıb, dünya neft sənayesi tarixinə Azərbaycan neftçilərinin verdiyi töhfələrdən danışıb. O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində əldə onunan nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının vitse-prezidenti Yoiçi Kobayaşi SOCAR-da olmaqdan hər zaman böyük məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur və bu baxımdan, hazırki səfər və keçirilən görüşlər olduqca simvolikdir. Azərbaycanın coğrafi mövqeyinin əlverişli olduğunu və bunun yeni bir enerji xabı olaraq ölkəmizin əhəmiyyətini artırdığını vurğulayan cənab Kobayaşi bildirmişdir ki, yapon şirkətləri SOCAR-ın həyata keçirdiyi layihələrə həmişə diqqət yetirir, istər neft-qaz hasilatı, istərsə də emal, treydinq və digər istiqamətlərdə əməkdaşlığın genişləndirməsinə böyük maraq göstərirlər.

Daha sonra o, görüşdə iştirak edən Yaponiya nümayəndə heyətinin geniş tərkibini təqdim edib. "Sumitomo Corporation LLC", "Mitsubishi Corporation", "Panasonic Marketing CIS Oy" və digər şirkətlərin rəhbərləri təmsil etdikləri qurumların Azərbaycanla əlaqələrindən danışmış, SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyiblər.

SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov, David Məmmədov, Yaşar Lətifov, Bəhram Hüseynov, Sərmayələr İdarəsinin rəis müavini Davud Yaqubov, İqtisadiyyat və Uçot İdarəsinin rəis müavini Rəşid Hüseynov, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov və başqaları qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar.

Tədbirin sonunda SOCAR və ITOCHU Oil Exploration Co. Ltd. şirkəti arasında elmi-texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.


OXŞAR XƏBƏRLƏR