Makronun Əliyevə yaxınlaşması siyasi manevrdir? - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Respublikasının Prezidenti Emmanuel Makron ilə görüşü olub. Fransa Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.
Maraqlıdır, Makron təbrikində nə dərəcədə səmimidir? Siyasi xəttini dəyişməsi real görünürmü?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidentinin Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin tədbirində iştirakının bir çox Avropa liderlərinin həm dövlət başçısı ilə, həm də bütövlükdə Azərbaycanla əməkdaşlığa maraq göstərmələri ilə müşayiət olunduğunu bildirib. H.Babaoğlu bunun ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və Prezidentin qətiyyətli, cəsarətli, əməkdaşlıq fəlsəfəsinə əsaslanan siyasəti ilə birbaşa bağlı olduğunu qeyd edib:

“Tədbir çərçivəsində diqqət çəkən məqamlardan biri də artıq ənənəvi xarakter almağa başlayan Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş idi. Paşinyan hər fürsətdə Azərbaycan lideri ilə dialoq quraraq sülhdən danışmağa çalışır. Lakin bu, əslində səmimi mövqedən çox, onun hakimiyyətini qorumaq və qarşıdakı seçkilərdə mövqeyini gücləndirmək məqsədinə xidmət edir. Bu məqsədə çatmağın ən rahat yolu isə sülh mövzusunu gündəmdə saxlamaqdan keçir”.
Millət vəkili əlavə edib ki, dünənə qədər Azərbaycanın atdığı hər addımı aqressiya ilə qarşılayan Fransa bu gün sülh məsələsini müzakirə etməyə can atır:
“Azərbaycan xalqının ifadəsi ilə desək, bu, “arxadan atılan daş” təsiri bağışlayır. Çünki Azərbaycan bölgədə gücünü artırdıqdan, ABŞ kimi mühüm tərəfdaş qazandıqdan və Cənubi Qafqazda aparıcı mövqeyə yüksəldikdən sonra Fransa kənarda qalaraq münasibətləri bərpa etməyə cəhd göstərir. Amma kimsə desə ki, Fransa Prezidenti doğrudan da sülh istəyir, bu iddia yəqin ki, ironiya ilə qarşılanar. Mövcud reallıqda sülh artıq Ermənistan üçün bir məcburiyyətə çevrilib və regionda yeni düzəni müəyyən edən məhz Azərbaycanın siyasi iradəsidir. Buna görə də Fransa rəhbərliyinin bugünkü mövqeyini səmimi deyil, daha çox zərurətdən irəli gələn bir davranış kimi dəyərləndirmək olar”.
Fidan Hacızadə
Sfera.az






