Milli Qurtuluşa gedən yolun başlanğıcı

Milli Qurtuluşa gedən yolun başlanğıcı
Kateqoriya məlum deyil
T

Tarixdə elə məqamlar olur ki, həmin hadisələr bütöv bir xalqın taleyinə yön verir, gələcək yolunu müəyyənləşdirir. Azərbaycan üçün belə həlledici dönəm 1990-cı illərin əvvəllərinə təsadüf edirdi. Sovet İttifaqının dağılması, Ermənistanın silahlı hücumları və daxildə yaranmış siyasi gərginlik ölkəni ağır böhran qarşısında qoymuşdu. Həyatın bütün sahələrində xaos hökm sürür, iqtisadiyyat çökmüş, vətəndaş qarşıdurmaları dərinləşmiş, torpaqların işğalı isə xalqın gələcəyə olan inamını sarsıtmışdı. Məhz bu kritik zamanlarda xalqın nicat yolu və Milli Qurtuluşa gedən yolun başlanğıcı  qoyuldu. Həmin dövrdə, xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev, 10 oktyabr 1993-cü ildə Prezident kimi and içərək, Vətənə sədaqətli xidmətin əsl nümunəsini göstərdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğuna başlanıldı və iqtisadi inkişafın əsası qoyuldu.


Ümummilli lider Heydər Əliyev üçün Vətənə xidmət təkcə dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, xalqla daim təmasda olur, gənclərə və gələcək nəsillərə milli ruhda tərbiyənin vacibliyini aşılayırdı. Onun fəaliyyəti  Azərbaycanın dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək amalı   üzərində qurulmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında yalnız bir siyasi lider deyil, həm də dövlətçilik məktəbinin banisi, azərbaycançılıq ideologiyasının memarı kimi qalmaqdadır. Onun dövlətçiliyimizə və millətimizin inkişafına verdiyi töhfələr təkcə tariximizin parlaq səhifələri ilə deyil, bu günkü Azərbaycan reallıqları ilə də təsdiqlənir.Bu baxımdan, onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı bu gün də hər bir vətənsevər vətəndaş üçün şüar kimi səslənir. Heydər Əliyevin siyasətə yanaşması müstəsna intellekt, dərin analitik düşüncə və bənzərsiz uzaqgörənlik üzərində qurulmuşdu. O, müzakirə olunan istənilən məsələnin mahiyyətini dərindən dərk edir, onu milli mənafe və dövlətçilik mövqeyindən təhlil edərək düzgün qərarlar qəbul edirdi. Onun qeyri-adi yaddaşı, tükənməz enerjisi, işgüzarlığı və diplomatik bacarıqları istər daxili, istərsə də xarici siyasətdə özünü aydın şəkildə göstərirdi. O, yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də qəbul olunan, hörmət edilən bir lider idi. Ulu Öndər Heydər Əliyevin  səsləndirdiyi  “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” fikri təkcə bir siyasi şüar deyil, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edən dərin məzmunlu bir bəyanatdır. Heydər Əliyev bu anlayışı uzaqgörənliklə dəyərləndirərək, Azərbaycanın bütün sahələrdə güclənməsinə və sabitliyə nail olmasına zəmin yaratdı. Onun həyata keçirdiyi siyasət nəticəsində ölkədə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, enerji siyasətinin düzgün istiqamətləndirilməsi və beynəlxalq əməkdaşlıq genişləndi.

Bütün bunlar müstəqilliyin geridönməzliyinin təməl sütunları oldu. Ulu Öndər Heydər Əliyev təkcə bir dövrün lideri deyil, Azərbaycan tarixinin daimi yaşayan simasıdır. Onun siyasi irsi, ideyaları və idarəçilik təcrübəsi bu gün də dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişaf etdirilməsində aparıcı rol oynayır. Onun qoyduğu təməl üzərində inkişaf edən müasir Azərbaycan, bu böyük şəxsiyyətin xidmətlərinin ən bariz göstəricisidir. Heydər Əliyevin həyata keçirdiyi inteqrasiya siyasəti də müasir Azərbaycanın beynəlxalq münasibətlər sisteminə uğurlu daxil olmasını təmin etdi. Qərbə inteqrasiya istiqamətində atılan addımlar, enerji təhlükəsizliyi sahəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı layihələrin reallaşması, Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi. Bu strateji layihələr ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, regionda sülh və əməkdaşlığın inkişafına da töhfə verdi.


Ulu Öndərin ən böyük uğurlarından biri də neft strategiyası oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft potensialını dünya iqtisadiyyatına inteqrasiya etdirdi və ölkəyə milyardlarla sərmayənin cəlb olunmasına şərait yaratdı. Bu müqavilə Azərbaycanın enerji siyasətinin təməl daşı olmaqla yanaşı, ölkənin iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyası isə hüquqi dövlət quruculuğunda dönüş nöqtəsi oldu. Bu Konstitusiya demokratik prinsiplərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatçısı oldu, hakimiyyət bölgüsü və hüququn aliliyi prinsiplərini təsbit etdi. Bununla da, Azərbaycan hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyevin siyasi irsi hər bir azərbaycanlı üçün dövlətçilik məktəbi, milli qürur və vətənpərvərlik nümunəsidir. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ölkənin müstəqil və suveren bir dövlət kimi dünyada tanınması məhz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yol uğurla davam etdirilir və dünya birliyi Azərbaycanın güclü və etibarlı tərəfdaş olduğunu qəbul edir.

 

Hüseynova Samirə Adəm qızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR