“Heydər Əliyev ömrünü Azərbaycanın xilasına və gələcək inkişafına həsr edən dahidir” - Deputat

"Heydər Əliyev ömrünü Azərbaycanın xilasına və gələcək inkişafına həsr edən dahidir" - Deputat
Kateqoriya məlum deyil
T

Azərbaycan dövlətçiliyi tarixində 1993-cü ilin oktyabrın 3-də keçirilən prezident seçkiləri taleyüklü bir mərhələ idi. 1993-cü ildə böyük səs çoxluğu ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi ilə xalqımızın xilası, Azərbaycanın dövlətçiliyinin bərpası və müstəqilliyinin qorunması, ölkədə sabitliyin bərqərar olması və inkişafa nail olunması, dövlət quruculuğunun təmin edilməsi istiqamətində cəsarətli addımların atılması üçün zəmin yarandı və nəticə etibarilə bugünkü güclü, qüdrətli Azərbaycan dövlətinin möhkəm təməlləri qoyuldu.

 

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. 

 

O xatırladıb ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, 1992-1993-cü illərdə daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, separatizm və Ermənistanın işğalçı siyasəti nəticəsində dərin siyasi böhranla üz-üzə qaldı:

 

“Bu mürəkkəb şəraitdə xalq yaxşı anlayırdı ki, dövlətçiliyi xilas edəcək, sabitliyi bərpa edəcək, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edəcək yeganə siyasi xadim Heydər Əliyevdir. Ona görə də hələ 1992-ci ilin oktyabrında Azərbaycanın tanınmış ziyalıları Heydər Əliyevə müraciət edərək, ölkənin taleyüklü məqamında hakimiyyətə qayıtmasını istədilər. 1993-cü il iyunun 9-da isə tarixi dönüş baş verdi. Xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edən Heydər Əliyev Bakıya qayıtdı. Bu qayıdış, əslində, Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olunması, dövlətçiliyin süqutdan qurtarılması və sabitliyin bərqərar olması üçün başlanğıc nöqtəsi idi. Heydər Əliyevin xilaskarlıq missiyası bundan sonra öz real ifadəsini tapmağa başladı. 1993-cü il oktyabrında keçirilən seçkilərdə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan siyasi böhrandan çıxış yolu tapdı. 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına həsr edəcəyini bəyan etdi. O, xalqı fəlakətlərdən xilas edərək ölkəni sabitlik və inkişaf yoluna çıxardı, qlobal enerji layihələrinin müəllifi oldu, Azərbaycanın gələcəyini təmin edən dövlətçilik kursunu müəyyənləşdirdi. Onun sözləri bu sədaqətin ən böyük göstəricisi idi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

 

“Heydər Əliyev Prezident seçildikdən sonra ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Dövlətçiliyin əsasları qoyuldu, ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ən əsası, müstəqilliyin qorunması və möhkəmləndirilməsi üçün əvəzsiz tədbirlər həyata keçirildi. Heydər Əliyev xalqın dəvəti ilə hakimiyyətə gələrkən həyatını təhlükə altına qoydu, qiyamların qarşısını aldı, Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. O, xalqın məhəbbətini qazandı və Azərbaycan tarixində xilaskar lider kimi əbədi yerini aldı. Heydər Əliyev fenomeni realist düşüncə, qlobal baxış və peşəkar idarəçilik nümunəsi idi. O, “siyasət nəhəngi”, “siyasət qrosmeysteri” adlarını qazanaraq müdrikliyi, uzaqgörənliyi və dərin biliyi ilə dünya miqyasında tanındı. Onun müəllifi olduğu “Azərbaycançılıq” ideologiyası isə milli birliyi, vətəndaş həmrəyliyini və dünya azərbaycanlılarının birliyini təmin edən əsas məfkurəyə çevrildi. Heydər Əliyev iqtisadi liberallaşma siyasətini həyata keçirdi, bazar iqtisadiyyatına keçidi təmin etdi. Onun neft strategiyası – “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, ölkəyə böyük investisiyaların cəlb olunmasına imkan verdi. 

 

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətçilik tariximizdə yeni mərhələ açdı. Bu ali hüquqi sənəd müstəqil Azərbaycanın demokratik inkişaf yolunu müəyyən etdi, hakimiyyət bölgüsü prinsipini, dünyəvi dövlət quruculuğunun əsaslarını və insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin başlıca vəzifəsi kimi təsbit etdi. Azərbaycan xalqı ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu öz gələcək inkişaf modelinin əsası kimi qəbul etdi. 

 

Konstitusiyanın qəbulu ilə yanaşı, 1995-ci ildə müstəqil Azərbaycanın Parlamentinə keçirilən ilk seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinə yeni hüquqi-siyasi çalar gətirdi. Bu seçkilər nəticəsində formalaşan qanunverici orqan həm dövlətin demokratik inkişafının, həm də hüquqi dövlət quruculuğu prosesinin mühüm dayağına çevrildi. Ulu Öndərin siyasi iradəsi və dövlətçilik strategiyası nəticəsində Azərbaycanda işlək siyasi sistemin formalaşdırılması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Davamlı siyasi-hüquqi islahatlar ölkədə siyasi mədəniyyətin yüksəlməsinə, dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət etdi.

 

1993-cü ilin 3 oktyabr prezident seçkiləri ilə Azərbaycan tarixində yeni bir dövr başladı. “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” - deyən Heydər Əliyevin xilaskarlıq missiyası, peşəkar idarəçiliyi, uğurlu siyasəti müstəqil Azərbaycan dövlətinin əbədi əsaslarını qurdu. Onun irsi bu gün də müasir Azərbaycanın inkişaf yolunu müəyyənləşdirir”, - V.Qafarov əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR