"Türkiyə və İran arasındakı münasibətlər birmənalı xarakter daşımır"

"Türkiyə və İran arasındakı münasibətlər birmənalı xarakter daşımır"
Kateqoriya məlum deyil
T

Türkiyənin Van vilayətinin Başkale rayonu ilə İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhəri arasında dördüncü sərhəd-keçid məntəqəsinin yaradılması nəzərdə tutulur. 


Yeni keçid məntəqəsi Kuzareş-Gəlinciq xəttində fəaliyyət göstərəcək və Bazərqan, Razi və Sərv qapılarından sonra iki ölkəni birləşdirən növbəti sərhəd keçidi olacaq.

 

Bu addım iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə necə təsir edə bilər?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Türkiyə və İran arasındakı münasibətlər birmənalı xarakter daşımır:

 

 

“Çünki iki ölkənin maraqlarının toqquşduğu sahələr mövcuddur. Bununla yanaşı, müəyyən məsələlərdə ortaq mənafelər də müşahidə olunur. Bütün bunları nəzərə alaraq demək olar ki, Ankara–Tehran əlaqələri kifayət qədər mürəkkəbdir və müəyyən mənada ziddiyyətlərlə yüklənib. Yaxın Şərqdə baş verən proseslərə, xüsusilə də Qəzza bölgəsində mülki itkilərlə nəticələnən hərbi əməliyyatlara münasibətdə hər iki tərəf İsraili sərt şəkildə tənqid edir”. 

 

Politoloq Fələstin probleminin həllində də Türkiyə və İranın yanaşmalarında oxşar cəhətlərin kifayət qədər olduğunu qeyd edib:

 

“Lakin Tehranın qonşu dövlətlərə münasibətdə sərgilədiyi siyasət və eyni zamanda Ankaranın regional liderlik iddialarını genişləndirməsi İran siyasi dairələrində narazılıq doğurur. Çünki Tehrana sərf etmir ki, Türkiyə xüsusilə türk dünyasında öz mövqelərini daha da gücləndirsin. Bu səbəbdən Türkiyə-İran münasibətlərini sadəcə yaxınlaşma və ya uzaqlaşma kontekstində dəyərləndirmək çətindir. Sərhəd-keçid məntəqələrinin fəaliyyəti isə iki ölkənin iqtisadi, ticarət və insan axını baxımından əhəmiyyətli olsa da, ümumi münasibətlərin mahiyyətini müəyyənləşdirən əsas amil deyil. Əlaqələrin inkişaf istiqaməti daha çox regional proseslərin gedişatı ilə bağlıdır”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR