Vətən Müharibəsi: Ermənistanın törətdiyi cinayətlər

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi qələbə xalqımızın müasir tarixində yeni mərhələ açdı.
Sfera.az xəbər verir ki bu qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğal altında qalmış torpaqlarımız azad edildi və Cənubi Qafqazda yeni siyasi-hüquqi reallıqlar formalaşdı.
Lakin bu savaş təkcə hərbi uğurla deyil, həm də Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərinin ifşası ilə yadda qaldı.
Müharibə dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Azərbaycan şəhər və kəndlərini hədəfə aldı. Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələri raket və ağır artilleriya atəşinə tutuldu. Yalnız Bərdə şəhərinə atılan “Smerç” raketləri nəticəsində onlarla dinc sakin, o cümlədən uşaqlar və qadınlar həlak oldu, yüzlərlə insan yaralandı. Bu faktlar Ermənistanın müharibə cinayətləri törətdiyini açıq şəkildə sübut edir.
Bununla yanaşı, Ermənistan ordusu dini və mədəni abidələrə qarşı da vandalizm aktları həyata keçirdi. Məscidlər, tarixi-mədəni irs nümunələri dağıdıldı, infrastruktur ciddi şəkildə zədələndi.
Azərbaycan dövləti müharibədən dərhal sonra Ermənistanın törətdiyi cinayətlərin sənədləşdirilməsi və beynəlxalq təşkilatlara təqdim olunması istiqamətində mühüm addımlar atmağa başladı. Xarici ölkələrin parlamentləri, beynəlxalq hüquq müdafiə qurumları və media nümayəndələri faktlarla tanış edildi.
Hazırlanan hesabatlarda Ermənistanın müharibə cinayətləri mülki obyektlərin bombalanması, kasetli sursatlardan istifadə, girov götürülmüş şəxslərə işgəncə verilməsi, kütləvi dağıntılar geniş şəkildə əksini tapıb.
Azərbaycanın məqsədi təkcə bu faktların tanıdılması deyil, həm də beynəlxalq hüquqi müstəvidə ədalətin təmin edilməsidir. Rəsmi Bakı hesab edir ki, Ermənistan rəhbərliyi bu cinayətlərə görə məsuliyyət daşımalıdır.
Beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanın təqdim etdiyi sübutlar beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanın məsuliyyətə cəlb olunmasına zəmin yaradır. Onların sözlərinə görə, insanlıq əleyhinə cinayətlərin cəzasız qalması gələcəkdə oxşar halların baş verməsinə stimul ola bilər.
Azərbaycan isə öz növbəsində dünya ictimaiyyətinə çağırış edir: ədalətin bərqərar olması, müharibə cinayətlərinə qiymət verilməsi yalnız milli deyil, qlobal ədalət məsələsidir.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir. Bu qələbə yalnız torpaqlarımızın azad edilməsi ilə yekunlaşmır, eyni zamanda Ermənistanın törətdiyi cinayətlərin ifşası və onların beynəlxalq miqyasda tanıdılması istiqamətində aparılan mübarizə ilə də davam edir.
Azərbaycan xalqı və dövləti əmindir ki, həqiqət gec-tez öz sözünü deyəcək, ədalət təmin olunacaq.
Niyaz Hacıyev
Sfera.az
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Qeyd: yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb;







