Tramp Rusiya sahillərinə sualtı qayıqlar yerləşdirdi - Qorxusu nədir?

ABŞ Prezidenti Donald Tramp “ehtiyat tədbiri” olaraq Rusiya sahillərinə sualtı qayıqlar yerləşdirdiyini açıqlayıb. Tramp bildirib ki, son günlər Rusiya tərəfindən müəyyən təhlükə siqnalları alınıb və bu səbəbdən ABŞ-nin ən ölümcül silahlarından biri olan nüvə başlıqlı sualtı qayıqlar bölgəyə göndərilib.
Trampın bu addımı Rusiya üçün açıq təhdid kimi qiymətləndirilib. Onun sözlərinə görə, Moskva NATO üzvlərinə yönəlik təzyiqlərini davam etdirərsə, ABŞ buna daha sərt cavab verməyə hazırdır.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, əslində ABŞ-nin Rusiyadan ciddi qorxusu yoxdur:
“Trampın da dediyi kimi, ABŞ okeanın o biri tərəfində yerləşir. Bu, Rusiyanın birbaşa ABŞ-yə hərbi zərbə endirməsi üçün coğrafi çətinliklər yaradır. Digər tərəfdən, hərbi güc baxımından ABŞ və Rusiya müqayisə edilə biləcək ölkələr deyil. Əgər Moskva Vaşinqtonla açıq savaşa cəhd etsə, bu, Rusiya üçün aylarla deyil, sadəcə bir neçə gün ərzində faciəvi nəticələrlə bitə bilər. Rusiya ABŞ-nin qarşısında tab gətirə bilməz”.

Politoloq hesab edir ki, ABŞ üçün əsas problem Rusiyanın NATO və Avropa İttifaqına qarşı yaratdığı real təhlükələrdir:
“Moskva Şərqi Avropa ölkələrini hərbi təhdidlərlə şantaj edir və bununla bütövlükdə NATO-ya mesaj göndərməyə çalışır. ABŞ isə Rusiyanın bu neo-imperialist siyasəti ilə uzun müddət oynamaq niyyətində deyil. Ona görə də nüvə silahı ilə təchiz olunmuş sualtı qayıqlarını Rusiya sahillərinə yaxınlaşdıraraq Kremlə açıq xəbərdarlıq edib – əgər Rusiya NATO sərhədlərinə müdaxilə etsə, cavabı çox ağır olacaq”.
Xalidbəylinin sözlərinə görə, Tramp administrasiyası hakimiyyətə gələndə Rusiyaya daha mülayim münasibət göstərirdi. Lakin Moskvanın dəfələrlə ABŞ-ni aldatması və Avropada təhlükəli addımlar atması səbəbindən Vaşinqton ritorikanı sərtləşdirmək məcburiyyətində qalıb:
“Artıq Trampın səbri tükənib və ABŞ Kremlə “həddini bilməlisən” mesajı göndərir. Rusiyanın qırmızı xətləri keçməsinə icazə verilməyəcək. Bu addım Rusiyaya birbaşa xəbərdarlıqdır və Moskvanın NATO sərhədlərinə müdaxilə etməsinin qarşısını almağa xidmət edir”.
Bəsti Rəfizadə
Sfera.az





