Parlamentin payız sessiyası: İlkin danışıqlar

Parlamentin payız sessiyası: İlkin danışıqlar
Kateqoriya məlum deyil
T

Milli Məclisinin payız sessiyasında ilk plenar iclası keçirilir.

 

Sfera.az xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açıb.

 

S.Qafarova payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Sonra sədr bildirdi ki, Milli Məclis 2025-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülüb. 

 

Bu müddətdə parlamentin 22 iclası keçirilib, 110 qanun və qərar qəbul edilib. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Parlamentin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər.

 

Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 20 deputat 10 ölkəyə 23 səfər həyata keçirilib. 20 xarici dövlətin və beynəlxalq təşkilatın 23 nümayəndə heyəti, yəni 134 nəfər Milli Məclisdə olub. 

 

Milli Məclisin xətti ilə Bakıda  5 beynəlxalq təşkilatın tədbirləri keçirilib.

 

Sədr diqqətə çatdırıb ki, bu gün Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb və müzakirə ediləcək. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur.  

 

Milli Məclisin sədri payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib, onlara qanunvericilik fəaliyyətində uğurlar arzulayıb.

 

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin ilk iclasında çıxış edib.

 

Sədr Prezident İlham Əliyevin 25 sentyabrda ABŞ-dəki çıxışına diqqət yetirib:

 

"Prezident İlham Əliyev 25 sentyabrda ABŞ-dəki çıxışı zamanı son dərəcə vacib məqamlara toxunub. Azərbaycan 30 il ərzində hərbi təcavüzə məruz qalmış ölkə statusundan qalib dövlət statusuna yüksəlib. Prezident çıxışında işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması və infrastrukturun inkişafı məsələlərinə xüsusi diqqət çəkib. Dövlət başçısı, həmçinin, dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməzliyini və ikili standartların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, 10 illərlə təcavüzə məruz qalan ölkə bu gün sülh gündəliyini təşəbbüs edən qalib dövlətə çevrilib. Sülh sazişinin paraflanması və digər razılaşmalar bir daha sübut edir ki, dayanıqlı sülh yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür".

 

Sədr qeyd edib ki, Azərbaycanın döyüş meydanındakı qələbəni inkişaf və sabitlik modelinə çevirməsi nümunə kimi təqdim olunur.

 

"Prezident İlham Əliyev Azərbaycanın rolunun və əhəmiyyətinin təkcə regionla məhdudlaşmadığını, bu təsirin daha geniş coğrafiyanı əhatə etdiyini diqqətə çatdırıb.

Dövlət başçısının səsləndirdiyi fikirlər bir çox ölkələr üçün önəmli mesaj xarakteri daşıyır. Biz ölkəmizin yeni bir mərhələsinə qədəm qoymuşuq. Parlamentin gücü onun birlik zəkasındadır. Milli Məclisin ayrı-ayrılıqda hər bir üzvünün fəaliyyəti vacibdir. Fəaliyyətimizdə beynəlxalq və milli reallıqları nəzərə almalıyıq. Milli Məclis Prezident İlham Əliyevin daxili və xarici siyasətini rəhbər tutaraq fəaliyyət göstərəcək”,-sədr vurğulayıb.

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR