Aİ və ABŞ nə üçün İranı hədəf alıb? - AÇIQLAMA

Aİ və ABŞ nə üçün İranı hədəf alıb? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyanatında bildirilib ki, Avropa İttifaqı, BMT Təhlükəsizlik Şurasının 28 sentyabr tarixində qəbul etdiyi və əvvəllər 2231 saylı qətnamə ilə ləğv edilmiş tədbirlərin geri qaytarılmasına dair qərardan sonra İrana qarşı bütün nüvə sanksiyalarını və məhdudiyyətləri dərhal bərpa etməyə başlayır.

 


Qeyd olunan tədbirlər silah embarqosunu, maliyyə və ixrac məhdudiyyətlərini, İranın nüvə və müdafiə sektoruna beynəlxalq investisiyaların qadağan edilməsini, həmçinin İran rəsmiləri və mütəxəssisləri üçün səyahət məhdudiyyətlərini əhatə edir.


Aİ və ABŞ İrana təzyiqi artırmaqla nəyə nail olmaq istəyir? Nüvə məsələsi yeganə səbəbdir, yoxsa başqa məsələlər də var?

 


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Aİ və ABŞ-nin son dönəmlərdə İranla bağlı mövqelərində sərtliyin artmaqda olduğunu deyib.

 


O bildirib ki, bu radikal qərarın nəticəsi olaraq BMT-də qəbul edilən məlum qətnamə də hazırda İranla sülh münasibətlərini gərginləşdirən əsas amillərdən biridir: 

 

“İranla Qərb arasında yaranan gərginliyin bir neçə səbəbi var. İlk olaraq, İran uzun müddətdir terrorizmi dəstəkləyən ölkə kimi tanınır. Orta Şərqdə isə proksi qüvvələr vasitəsilə təsirini artırmağa çalışaraq bölgədə müxtəlif münaqişə ocaqları yaradıb. Bu qüvvələrin saxlanması üçün hər il milyardlarla dollar xərclənib. Doğrudur, son iki ildə İranın bölgədəki nüfuz dairələrinə ciddi zərbələr dəyib və proksi qüvvələri zəiflədilib. Qərb dövlətləri hesab edir ki, bu proqramın son nəticəsi Tehranın nüvə silahına sahib olmasıdır. Bu isə həm regional balansı poza, həm də beynəlxalq təhlükəsizliyə təhdid yarada bilər. Çünki İranda hakim olan rejim qonşularına qarşı aqressiv siyasət yürütməklə regionda təsir dairəsini genişləndirmək xəttini izləyir. Bundan başqa, insan haqları məsələsi də Qərbin diqqət mərkəzindədir.

 

Tehranda vətəndaş hüquqlarının, milli azlıqların və etnik qrupların hüquqlarının pozulması beynəlxalq miqyasda narazılıqlara səbəb olur. Bununla yanaşı, Qərbin maraqlarından biri də İranda aqressiv siyasət yürütməyən, normal diplomatik münasibətləri inkişaf etdirən bir hökumətin formalaşmasıdır. Gərginliyin digər səbəblərindən biri də İranın İsraillə bağlı sərt mövqeyidir ki, bu da Qərb dövlətlərində ciddi narahatlıq doğurur. Xüsusilə, 12 günlük müharibədən sonra Tehranın nüvə proqramını davam etdirməsi və hərbi gücünü artırmaq istiqamətində addımlar atması Qərbin maraqlarına tamamilə ziddir. İranda ballistik raket istehsalı və nüvə silahı potensialı üzərində işlərin davam etməsi də münasibətlərin kəskinləşməsinə yol açır”.

 


O.Qasımov digər tərəfdən, Rusiyanın və Çinin İranın ən böyük dəstəkçiləri olmasının Tehrana Qərbə qarşı müqavimət göstərmək imkanı yaratdığını əlavə edib. Onun sözlərinə görə, həmçinin daxili siyasi vəziyyəti də nəzərə almaq lazımdır:

 

“Bir il öncə hakimiyyətə gələn Prezident Pezeşkian Qərblə dialoqun vacibliyini vurğulamışdı. Lakin bu gün tətbiq edilən sanksiyalar onun mövqelərinə ciddi zərbə vurur və əksinə, ölkədəki mühafizəkar dairələrin, xüsusilə Sepah-ın maraqlarına xidmət edir. Çünki uzun müddətdir Qərblə heç bir razılaşmanın mümkün olmayacağını təbliğ edən sərt xətt tərəfdarları indi özlərini haqlı göstərməyə çalışırlar. Bütün bunları nəzərə alsaq, gələcəkdə də İranla Qərb arasında gərginliyin daha da dərinləşəcəyi ehtimalı yüksəkdir”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR