Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur.
Sfera.az xəbər verir ki, Azərbaycanda bu gün artıq tarixdə ikinci dəfədir ki, qeyd olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu qərar həmin ərazilərin Azərbaycan dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə xüsusi əhəmiyyətini vurğulamaq məqsədi daşıyır.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa olunub və Qarabağın digər bölgələri ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində də dövlət hakimiyyəti bərqərar edilib.
Artıq ənənəyə çevrilən bu günün qeyd olunması həm tarixi ədalətin bərpasının, həm də Azərbaycanın ərazi bütövlüyünün möhkəmlənməsinin simvolu kimi dəyərləndirilir. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir, şəhərlərin azad olunması və dövlət suverenliyinin bərpası xalqın yaddaşında əbədiləşdirilir.
Niyaz Hacıyev
Sfera.az






