Albaniyada ilk dəfə olaraq süni intellekt nazir təyin edilib. “Diella” adlı Sİ-bot dövlət satınalmaları naziri postuna gətirilib. Onun əsas vəzifəsi uzun illərdir ölkənin ən problemli sahələrindən biri hesab edilən tenderlərdə korrupsiya hallarının qarşısını almaqdır. Baş nazir Edi Rama bildirib ki, bu, hökumətin ilk virtual üzvüdür və “Diella” bütün müsabiqələrin şəffaflığını təmin edəcək.
Lakin ortaya sual çıxır: süni intellekt həqiqətənmi korrupsiyanı aradan qaldıra bilər, yoxsa bu, sadəcə bir PR gedişidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, süni intellektin siyasətdə bu formada istifadəsi ciddi risklər yaradır:
“Süni İntellekt həyatımızda hər gün daha geniş yer tutur, ancaq siyasətdə ondan PR və ya digər məqsədlərlə istifadə olunması yolverilməzdir. Albaniyanın Baş naziri Edi Rama “Diella” adlı proqramı tender və satınalmalar üzrə nazir təyin edib, hətta o, parlamentdə "çıxış" da edib. Bu, ölkə üçün uğurlu PR gedişi sayıla bilər, çünki dünyanın bir çox media orqanlarında xəbər yayıldı. Amma siyasi baxımdan çox təhlükəli tendensiyadır”.
Ekspertin fikrincə, süni intellektə siyasi səlahiyyət verilməsi vətəndaş seçimi və demokratik institutlar üçün təhlükə yaradır:
“Siyasət insan işidir, nazir vəzifəsi isə siyasi postdur. Nazir seçkilər və ya siyasi təyinat vasitəsilə səlahiyyət alır və bu, məsuliyyət yaradır. Amma süni intellekt səhv etsə, kim məsuliyyət daşıyacaq? Seçici bu qərara səs verməyibsə, baş nazirin nə ixtiyarı var ki, ona belə səlahiyyət versin? Bu, seçki institutunu zəiflədir, demokratiyanın böhranını dərinləşdirir”.
Natiq Cəfərli hesab edir ki, bu yanaşma qlobal tendensiyaya çevrilərsə, seçki institutunun və vətəndaşın siyasi proseslərdə rolu arxa plana keçə bilər:
“Əgər belə eksperimentlər geniş yayılsa, vətəndaşlara deyəcəklər ki, "süni intellekt sizdən ağıllıdır, sizin seçimlərinizə ehtiyac yoxdur". Bu isə çox təhlükəli yanaşmadır. Ümid edirəm ki, Albaniya hökumətinin bu addımı yalnız lokal PR məqsədi daşıyır və uzunmüddətli olmayacaq”.
Firuzə Əliyeva
Sfera.az