19 sentyabr – Dövlətin gücü, cəmiyyətin təhlükəsizliyi

19 sentyabr – Dövlətin gücü, cəmiyyətin təhlükəsizliyi
Kateqoriya məlum deyil
T

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal antiterror əməliyyatından iki il ötür. 

 

Sfera.az xəbər verir ki, cəmi bir gün davam edən bu əməliyyat təkcə hərbi-strateji deyil, həm də dövlət və ictimai maraqların müdafiəsi baxımından tarixi əhəmiyyət daşıyır.


 
Azərbaycan dövləti əməliyyatın əsas məqsədini açıq şəkildə elan etmişdi: qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsi və ərazidə təhlükəsizliyin bərpası.

 

Əslində, bu addım dövlətin əsas funksiyalarından biri, vətəndaşların təhlükəsizliyini təmin etmək vəzifəsinin icrası idi. Minaların basdırılması, diversiya aktları nəticəsində mülki şəxslərin və hərbçilərin həyatını itirməsi artıq dövlətin ictimai maraqları qorumaq üçün dərhal hərəkətə keçməsini zəruri edirdi.

 

19 sentyabr əməliyyatı nəticəsində təkcə dövlətin suverenliyi bərpa olunmadı, həm də cəmiyyətin fundamental maraqları, sülh, sabitlik və təhlükəsiz həyat  təmin olundu.

 

İctimai maraq hər bir vətəndaşın azad və təhlükəsiz yaşamaq hüququ ilə birbaşa bağlıdır. Qarabağda uzun illər davam edən qeyri-müəyyənlik, qanunsuz silahlı dəstələrin varlığı insanların gündəlik həyatına risklər yaradırdı. Əməliyyat isə bu təhlükələri aradan qaldıraraq cəmiyyətin kollektiv maraqlarını qorudu.

 

Əməliyyatın ardından Qarabağda dövlət idarəçiliyi tam bərpa edildi, inzibati strukturlar formalaşdırıldı. Bu, dövlətin öz suveren hüquqlarını yalnız siyasi deyil, həm də praktiki müstəvidə icra etməsi idi.

 

Cəmiyyətin dövlətə olan etimadının artmasında da bu hadisə mühüm rol oynadı. Çünki dövlət vətəndaş qarşısında öz funksional məsuliyyətini – ərazi bütövlüyünün qorunması və təhlükəsiz həyat şəraitinin yaradılması  yerinə yetirmiş oldu.


Hazırda Qarabağda bərpa və quruculuq işləri aparılır, geri dönüş prosesinə hazırlıq görülür. Bu, dövlətin həm iqtisadi, həm də sosial maraqlarının müdafiəsinin davamıdır.

 

Eyni zamanda, beynəlxalq müstəvidə də Azərbaycanın maraqları daha güclü şəkildə ifadə olunur: sülh danışıqlarında mövqelərin möhkəmlənməsi, regionda yeni geosiyasi balansın yaranması dövlətin strateji maraqlarının qorunmasının nümunəsidir.

 

19 sentyabr antiterror əməliyyatı dövlət və cəmiyyətin ortaq maraqlarının müdafiəsinin klassik nümunəsi kimi tarixə düşdü. Bu əməliyyat göstərdi ki, Azərbaycan dövləti yalnız siyasi suverenliyini deyil, həm də vətəndaşlarının kollektiv maraqlarını – təhlükəsizlik, sabitlik və gələcək inkişafa təminat hüququnu – qorumaqda qətiyyətlidir.

 

Firuzə Əliyeva
Sfera.az


Qeyd: yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Mövzu: ictimai və dövlət maraqlarının müdafiəsi.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR