Dünya bloklara bölünür - Beynəlxalq sistem artıq işləmir

Dünya bloklara bölünür - Beynəlxalq sistem artıq işləmir
Kateqoriya məlum deyil
T

Türkiyənin Xarici işlər naziri Hakan Fidan beynəlxalq sistemin qlobal və regional problemlərin həllində kifayət qədər təsirli olmadığını bildirib. O hesab edir ki, mövcud qurumlar artıq mürəkkəb çağırışlara adekvat reaksiya verə bilmir.

 

Deputat Elman Nəsirov Sfera.az-a açıqlamasında bildirib ki, Hakan Fidanın fikirləri tamamilə həqiqəti ifadə edən fikirlərdir. Onun sözlərinə görə, çünki müasir beynəlxalq koordinatlar sistemi çox ciddi böhran keçirməkdədir:

 

"Bu gün beynəlxalq sülhün təminatına cavabdeh olan qurum BMT və onun Təhlükəsizlik Şurası arxaik bir təşkilata çevrilib. Bu təşkilatın özündə çox ciddi islahatlara ehtiyac var. Artıq fərqli beynəlxalq münasibətlər sistemi qurulub. Amma BMT elə əvvəlki sistemin tələblərinə uyğun olaraq işləyir və heç bir dəyişiklik baş verməyib. Eyni zamanda beynəlxalq hüquq böhran keçirir. Kim güclüdürsə, o da haqlıdır prinsipi işləyir. Bu və ya digər dövlətə qarşı qərar qəbul edilərkən selektiv yanaşmalar özünü göstərir. Bir halda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr tezliklə icra edilir, başqa halda isə həmin qərar illərlə icrasız qalır. 

2011-ci ildə Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurası qərar qəbul etdi və dərhal Liviya bombalanmağa başlandı. Lakin 1993-cü ildə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Amma sona qədər icra edilmədi. Onu Azərbaycan Silahlı Qüvvələri icra etdi. Halbuki BMT Nizamnaməsinin 125-ci maddəsində aydın şəkildə yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məcburidir. Mütləq icra edilməlidir. Amma icra edilmədi. Deməli ikili standartlara görə bu gün beynəlxalq siyasətdə çox dərin bir böhran yaşanmaqdadır. Belə olan vəziyyətdə təbii ki, münaqişələr həllini tapa bilmir. Münaqişələr sülh yolu ilə tənzimlənə bilmir. Hakan Fidan da məhz bu məntiqə söykənərək fikirlərini əsaslandırıb".

 

 

Müsahibimiz vurğulayıb ki, başqa bir həqiqət də dünyanın yenidən bloklaşmasıdır:

 

"Əslində bu gün qlobal cənuba Çin, qlobal şimala isə ABŞ rəhbərlik etməkdədir. Yeri gəlmişkən onu da deyim ki, bu ilin sentyabrın 5-də ABŞ Prezidenti Donald Trampın müvafiq sərəncamı ilə 1947-ci ildən Müdafiə Nazirliyi adlanan qurum Müharibə Nazirliyi adlanmağa başladı və ABŞ bu və ya digər ölkələdən təhdid eşidəcəyi təqdirdə, müdafiə deyil lüzum təhlükəsizliyinə üstünlük verəcəyini bəyan edib. Bu gün dünyanın reallıqları məhz belədir".

 

Deputat bu reallıqlar fonunda Azərbaycan dövlətinin son dərəcə düşünülmüş siyasət həyata keçirdiyini düşünür:

 

"Azərbaycan Prezidenti İlham Əliyev bu siyasətin müəllifidir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanıb. Təbii ki, öz tərəfdaşlarının da maraqlarını hər zaman nəzərə alır. Eyni zamanda Azərbaycan ABŞ münasibətləri bu günləri dinamik inkişafdadır. Bu ən düzgün siyasətdir. Bütövlükdə ümumi beynəlxalq münasibətlər sistemində çox ciddi siyasi gərginlik mövcuddur. Hesab edirəm ki, dünyanın təhlükəsizliyinə cavabdeh olan böyük dövlətlər öz üzərlərinə məsuliyyət götürüb dünyanın nizamı ilə bağlı sistemli işlər görməlidirlər".

 

Niyaz Hacıyev
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR