ABŞ-nin yeni sanksiyaları Rusiyanı zəiflədəcəkmi? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçid məsələsinə münasibət bildirib. O, jurnalistlərin Ukraynadakı təcavüzkar müharibə ilə bağlı verdiyi suala müsbət cavab verərək, Vaşinqtonun bu istiqamətdə addım atmağa hazır olduğunu vurğulayıb.
Bəs görəsən ABŞ-nin Rusiyaya qarşı ikinci sanksiya dalğası hansı sahələri əhatə edə bilər? Bu, Rusiya və Qərb arasında yeni gərginliyə səbəb ola bilərmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müəyyən hazırlıqlar görür:

"Çox güman ki, Putin və Tramp danışıqlarından sonrakı mərhələdə bu addımı atıla bilər. Düzdür, bununla bağlı hələ konkret qərar yoxdur, amma bu gözlənti kifayət qədər realdır. Belə ki, hələ bir neçə ay öncədən müəyyən sayda senatorların Rusiyaya sanksiyaların sərtləşməsi ilə bağlı qanun təklifi var. Donald Tramp da buna prinsip olaraq etiraz etmir. Amma Trampın Rusiya ilə münasibətlərlə bağlı mövqeyi fərqlidir. O, sonuna qədər diplomatik vasitələr və danışıqlar yolunu seçməklə və cəhd etməklə bir nəticə əldə etməyə çalışacaq. Əgər bu baş verməsə, o zaman şübhəsiz ki, sanksiyaların sərtləşməsinə gedilə bilər. Əgər sanksiyalar sərtləşəcəksə, Rusiya ilə Qərb arasında gərginlik daha da arta bilər".
Politoloqun fikrincə yeni sanksiya Qərb və Rusiya arasında gərginliyə ciddi təsir etməyəcək, çünki bu hal artıq yaşanır:
"Hazırda da Qərb və Rusiya arasında kifayət qədər ciddi gərginlik mövcuddur. Yəni, yeni sanksiya da buna ciddi təsir etməyəcək. Çünki Rusiya hazırda ABŞ ilə müəyyən münasibətləri saxlamağa çalışır. Rusiya çalışır ki, ABŞ-nin müəyyən maraqlarının təmin edilməsi şərti ilə Avropa və ABŞ arasında müəyyən nifaq salmaqla onları bir-birindən uzaqlaşdırsın. Buna nail olacaqmı? Bu da kifayət qədər şübhəlidir. Çünki Avropa ölkələri də Putinin bu taktikasını bildikləri üçün mümkün qədər əsas verməməyə çalışırlar".
Niyaz Hacıyev






