"Tramp ikiqat sanksiyalara tərəddüdlə yanaşır" - Politoloq

"Tramp ikiqat sanksiyalara tərəddüdlə yanaşır" - Politoloq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqı ölkələrinin nümayəndələri ilə yaxın günlərdə yenidən görüş keçirəcəyini bəyan etməsi beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Qeyd edək ki, bir neçə gün öncə də ABŞ-də analoji görüş təşkil olunub, həmin toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak etmişdi.

 

Həmin görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi və Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi idi. İndi isə dünya ictimaiyyəti yeni görüşün hansı nəticələr doğuracağı, xüsusən də Ukrayna ilə bağlı hansı yeniliklərin gündəmə gətiriləcəyi ilə maraqlanır.

 

Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, bu görüşün əsas mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq:

 

 

"Əlbəttə ki, Tramp Avropa İttifaqı ölkələrinin nümayəndələri ilə ABŞ-də yeni görüşün keçiriləcəyi barədə bəyanat verib. Məlum olduğu kimi, bir neçə gün əvvəl də ABŞ-də görüş təşkil olunmuşdu. Həmin toplantıda Avropa İttifaqı ölkələri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak etmişdi. Görüşdə Rusiya yer almamış, əsas müzakirə mövzusu isə Rusiya-Ukrayna müharibəsi olmuşdu. Bundan əlavə, Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı Avropa İttifaqı ölkələrinin üzərinə götürdüyü öhdəliklər də gündəmə gətirilmişdi.

 

Dünya ictimaiyyəti ABŞ-də keçiriləcək yeni görüşlə bağlı müxtəlif mülahizələr irəli sürür. Şübhəsiz ki, bu toplantıda da əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibənin hansı aspektlərinin ön plana çıxacağı barədə müəyyən ipucları var. Rusiya atəşkəsə razılıq vermir və müharibəni davam etdirmək niyyətindədir. Donald Tramp isə Rusiyaya qarşı ciddi tədbirlər görmək qərarında deyil. O, xüsusilə sanksiyaların tətbiqi məsələsini gündəmə gətirmir.


Eyni zamanda Avropa İttifaqı ölkələrinin Ukraynaya təhlükəsizlik təminatında ABŞ-nin iştirakı barədə də konkret açıqlama verilmir. Güman olunur ki, Avropa İttifaqı ölkələri ABŞ-də keçiriləcək növbəti görüşdə Trampı Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə və qəti addımlar atmağa sövq edəcəklər. Bu prosesdə Trampla Putinin mümkün telefon danışığı da müəyyən rol oynaya bilər".

Politoloqun fikrincə, Trampın Avropa İttifaqı ölkələri ilə keçirəcəyi görüşdə məhz Rusiyaya qarşı ikiqat sanksiyaların tətbiqi məsələsi müzakirə olunacaq:

 

"Lakin Tramp belə qərarı qəbul etməzdən əvvəl Putinlə bir daha danışmaq niyyətində ola bilər. Tramp hələ də Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istəmir. Çünki bu sanksiyaların yalnız Rusiyaya deyil, eyni zamanda Hindistan və Çinə də təsir edəcəyini yaxşı bilir. ABŞ-nin Rusiyaya qarşı sərt sanksiyalar tətbiqi Hindistan və Çinlə münasibətləri gərginləşdirə bilər. Məhz buna görə də ABŞ Çin və Hindistanı özünə qarşı qaldırmamaq üçün Rusiyaya qarşı ikiqat sanksiyaların tətbiqinə tərəddüd edir. 

İndi diqqətlər Avropa İttifaqı ölkələrinin gətirəcəyi arqumentlərə yönəlib. Gözlənilir ki, onların ortaya qoyacağı sübutlar Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə və digər addımlar atmağa vadar edə bilər".

 

Niyaz 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR