Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları şübhəli adlandırıb. Bununla Rusiya ABŞ, Azərbaycan və Ermənistan arasında üç tərəfli Bəyannaməni və sülh mətnin paraflanmasını tam razılaşma olmadığını və bir növ Ermənistanın maraqlarına cavab vermədiyini mesajını vermiş olur.
Sfera.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə açıqlama verib.
O bildirib ki, bundan əlavə, Rusiya Qarabağdan könüllü köçən ermənilərə humanitar yardımlar göndərir, göndərilən yardımları birbaşa Rusiya təşkilatı özü paylayır:
“Göründüyü kimi, Rusiya Azərbaycan və Ermənistanla əldə olmuş razılaşmalara skeptik yanaşır və Qarabağ ermənilərinə yardım edir. Bu, Kremlin xalqlar arasında sülh prosesinə mane olmaq və Azərbaycana qarşı erməni separatizmini ayaqda saxlamağa hesablanıb. Rusiyanın əsas planı Ermənistanla Azərbaycan arasında sülh prosesini sabotaj etməkdir. Qeyd edim ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa ermənilərin geri dönüşünün mümkün olmadığını və onlara vətəndaşlıq veriləcəyini qeyd edib. Ermənistan hakimiyyəti Rusiyanın humanitar yardım adı altında Qarabağdan gedən ermənilərə humanitar yardımını birbaşa paylanmasına icazə verməməlidir”.
Politoloq bildirib ki, Rusiyanın bir qrup Qarabağ separatçılarından ibarət Moskvada yeni bir mərkəz yaratması istisna deyil.
“Təbii ki, Rusiyanın bu siyasi təxribatları nəticə verməyəcək. Artıq Ermənistan və Türkiyə arasında normallaşma prosesi başlayıb. Yaxın perspektivdə iki ölkə arasında sərhədlərin açılması mümkün görünür. Türkiyə Ermənistanda öz geosiyasi mövqelərini gücləndirməklə, Rusiyanın burada separatçı və revanşist fəaliyyətinin qarşısını ala bilər. Rusiya Ermənistanda müxalifəti Türkiyə ilə normallaşma prosesinə qarşı qaldırır. Türkiyə-Ermənistan sərhədlərinin açılması Moskvaya Yerevan tərəfindən "sillə" olacaq”.
Bəsti Rəfizadə
Sfera.az