ABŞ-dən Ermənistana səfər: Zəngəzur dəhlizi üzrə hansı qərar veriləcək?

ABŞ-dən Ermənistana səfər: Zəngəzur dəhlizi üzrə hansı qərar veriləcək?
Kateqoriya məlum deyil
T

Gələn həftə ABŞ-nin müxtəlif dairələrindən nümayəndə heyətləri “Tramp Marşrutu” (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək məqsədilə Ermənistana səfər edəcəklər.


Məlumatlara əsasən, amerikalı nümayəndələr dəhlizin yalnız texniki tərəflərini deyil, eyni zamanda siyasi məqamlarını da nəzərdən keçirəcəklər. Bundan başqa, layihənin investisiya həcmi, əsas istiqamətləri və tikinti işlərinin başlanma tarixi ilə bağlı müzakirələr aparılacaq.

 

Ermənistanda keçiriləcək müzakirələrdən sonra “Tramp Marşrutu” layihəsinin gələcək perspektivləri və mümkün nəticələri nələr ola bilər?

 

Bununla bağlı Sfera.az-a münasibət bildirən siyasi şərhçi Natiq Miri bildirib ki, bu, Ermənistandakı “Rehovort” qəzetlərinin açıqlamasıdır:

 

 

“Amma bu, müəyyən mənada həqiqət yükü də daşıya bilər. Çünki ötən günlərdə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ABŞ-nin Ermənistandakı səfiri ilə görüş keçirmişdi. Məncə, bu görüş ABŞ-dən gələcək nümayəndə heyətinin səfəri, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı ola bilər. Bu məlumat həm də ona görə inandırıcı görünür ki, avqustun 8-də ABŞ-də Ermənistan-Azərbaycan arasında razılaşdırılmış sənədlərin icrası üçün danışıqların sentyabrdan başlayacağı barədə məlumat verilmişdi. Artıq sentyabr başladığı üçün düşünürəm ki, bu istiqamətdə konkret addımların atılmasının vaxtı çatıb və ABŞ nümayəndə heyətinin də səfərini bu kontekstdə dəyərləndirmək olar”.

 

Ekspertin sözlərinə görə, bu, çox mühüm xəbərdir:

 

“Çünki belə bir nümayəndə heyətinin Ermənistana gəlməsi o deməkdir ki, razılaşdırılmış sənəd təkcə söz üzərində qalmayacaq, icraya yönəlik konkret fəaliyyətlərə start veriləcək. Bu baxımdan məsələ xüsusi əhəmiyyət daşıyır. İkinci tərəfdən, əgər bu səfər baş tutarsa, məsələnin texniki və siyasi tərəfləri də ciddi müzakirə olunacaq. Burada Ermənistanın suverenliyi, yurisdiksiya və digər siyasi məsələlər var ki, onların da işlənib razılaşdırılmasına ehtiyac olacaq. Çünki, bilirsiniz, bu məsələyə mane olmaq istəyən, Ermənistan qarşısında əngəllər və tələblər qoyan dövlətlər-İran və Rusiya var”.

 

N.Miri bu məsələnin bütün tərəflərinin ciddi müzakirə edilməli olacağını və nəticədə nə İranın, nə də Rusiyanın etiraz üçün arqumenti qalmayacağının vacibliyini qeyd edib. 


O əlavə edib ki, bundan başqa, məsələ investisiyalar, nəqliyyat-kommunikasiya xətlərinin coğrafiyası, xərcləri və hansı müddətdə reallaşdırılacağı ilə də bağlı olacaq:

 


“Əgər ABŞ nümayəndə heyəti Ermənistana gələrsə, bu, açıq şəkildə ABŞ-nin dəhlizin açılmasında nə qədər maraqlı olduğunu nümayiş etdirəcək. Həm də bu, məsələyə mane olmaq istəyən dövlətlər üçün çəkindirici amil olacaq. Digər tərəfdən, belə bir nümayəndə heyətinin səfəri yaxın perspektivdə bu kommunikasiya xətlərinin açılmasının labüdlüyünü ortaya qoyur. Bu da Azərbaycanın maraqlarına uyğundur. Çünki Azərbaycan həm dəmir yolu, həm də avtomobil yolunu ya bu ilin sonuna, ya da gələn ilin ilk rübünə qədər Ermənistan sərhədinə çatdırmaq niyyətindədir.

Nümayəndə heyətinin Ermənistan rəhbərliyi ilə görüşlərindən sonra prosesin sürətlənəcəyi gözlənilir. Bu məsələdə ABŞ-nin maraqlarını ön plana çıxarmaq doğru sayılmır. Avropa İttifaqının xüsusi nümayəndəsi Maqdalena Qrononu  artıq bir həftədir ki, regiondadır. O, əvvəlcə Bakıda görüşlər keçirib, daha sonra Azərbaycanın ərazisi olan Naxçıvana səfər edərək nəqliyyat-logistika imkanlarını araşdırıb”.

 

Şərhçi bildirib ki, Qronu bəyanatına əsasən, əgər Zəngəzur dəhlizi açılsa, bundan bütün dünya faydalanacaq:

 

“Hazırda nümayəndə heyəti Ermənistanda rəhbərliklə görüşlər aparır və həm Bakıda, həm də İrəvanda Avropa İttifaqının dəhlizin açılmasında maraqlı olduğunu açıq şəkildə ifadə edib. Bu isə məsələnin maliyyə və siyasi dəstək baxımından problemli olmayacağını göstərir. Buna əngəl yaratmaq istəyənlər qarşılarında ABŞ və Avropa İttifaqı kimi güclü tərəfləri görəcəklər. Eyni zamanda, Çinin geosiyasi və geoiqtisadi maraqları da nəzərə alınmalıdır. Çünki Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin yeni qolu kimi çıxış edəcək. Bu da tam şəkildə Çinin maraqlarına cavab verir. Məsələyə İran və Rusiyanın qəti şəkildə qarşı çıxması asan olmayacaq”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR