"Türkiyə Vaşinqton razılaşmasından məmnundur" - AÇIQLAMA

&quot;Türkiyə Vaşinqton razılaşmasından məmnundur&quot; -<span style="color:#ff0000"> AÇIQLAMA</span>
Kateqoriya məlum deyil03.09.25, 11:1314 👁️
T

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türkiyə səfərində Prezident İqamətgahında Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb. Görüşdə Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, nazir müavini Adnan Ertem də iştirak ediblər.

 

Görüşdən sonra C.Yılmaz özünün sosial şəbəkə hesabında sülh prosesi ilə bağlı paylaşım edib. O qeyd edib ki, Türkiyə regional sülh prosesini və Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləməyə davam edəcək.

 

Maraqlıdır, bu açıqlamanın pərdəarxası məqamları nələrdir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Cevdet Yılmazın bu açıqlaması Azərbaycan-Türkiyə arasındakı münasibətlərin soyuqlaşdığını iddia edənlərə cavab oldu.


Onun sözlərinə görə, Vaşinqtonda razılaşma imzalananda Türkiyənin oyundankənar vəziyyətdə qalması ilə bağlı fikirlər formalaşmışdı:

 

“Azərbaycanın bu sənədi niyə Türkiyədə yox, Vaşinqtonda imzalaması ilə bağlı suallar yaranmışdı. Sanki Azərabycan Türkiyə meydançasını Vaşinqtona dəyişdi kimi iddialar səsləndi. Bu kontekstdə Bakı-Ankara münasibətlərinin mənfi inkişaf etdiyini və ya zəiflədiyini iddia edənlər oldu. Cevdet Yılmazın bu açıqlaması göstərir ki, dövlət ağlı və məntiqi deyilən bir fenomen var. Bu fenomen bəzən reallıqları olduğu kimi başa düşməyi tələb edir. Türkiyə də reallıqları anlayır. Siyasət uşaq oyuncağı deyil ki, adi bir şeyə görə inciklik olsun. Vaşinqtonda sülh mətninin paraflanması, razılıqların əldə olunması Türkiyənin də maraqlarına uyğundur. Türkiyə də Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasını istəyir. Türkiyə ilə ABŞ-nin çox yaxşı əlaqələri var. Bu iki dövlət NATO müttəfiqidir, müxtəlif regionlarda koordinasiyalı fəaliyyət göstərirlər, biri digərinin sözünü eşidir. Bütün proseslərdə Türkiyənin də rolu olub. Biz bu nəticəni sadəcə ABŞ ilə əlaqələndirə bilmərik. ABŞ hardasa Türkiyə faktorunu da nəzərə alıb”. 

 

K.Novruzovun fikrincə, Türkiyə bundan sonra da proseslərdə aktiv rol oynamağa davam edəcək:

 

“Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi Azərbaycanla koordinasiyalı şəkildə davam etdiriləcək. Türkiyə bu müddətdə Azərbaycanı da məlumatlandıracaq, Azərbaycanın maraqlarına zidd addım atılmayacaq. Ermənistan konstitusiyasını dəyişdikdən, həmçinin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddalarından imtina edəndən sonra sülh sazişinin imzalanması məsələsi gündəmə gələcək ki, rəsmi Ankara bu məsələdə aktiv rolunu davam etdirəcək. Ermənistanla Türkiyə arasındakı münasibətlərin normallaşdırılması ilə Türkiyə Ermənistan üçün təhlükəsizlik çətirinə çevrilir və Ermənistanın daha cəsarətli addımlar atmasında şərait yaranır, kənar təzyiqlərdən qurtulur. Regionda sabitliyin təmin olunmasını istəməyən Fransa kimi Avropa dövlətləri, Rusiya və ABŞ də Türkiyə faktorunu qəbul edir. Bu səbəbdən Türkiyə ilə üz-üzə gəlməmək üçün geri addım atırlar. Bu da düzgün strategiyadır. Regionda elə bir vəziyyət yaranır ki, perspektivdə Bakı -Ankara-İrəvan əməkdaşlığı daha da güclənə bilər. Bu da təbii ki, yeni reallıqların yaranmasına, o cümlədən region oyunçusu olmasına baxmayaraq, Rusiyanın bölgədəki təsir imkanlarının azalmasına gətirib çıxaracaq”.

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...