Çin yeni dünya nizamı qurur - Üç ölkə razıdır

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən son toplantısı beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Dünyanın aparıcı bir neçə dövlətinin liderlərinin iştirakı ilə keçirilən sammitdə əsas müzakirə mövzuları iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və yeni geosiyasi reallıqlar olub. Bəzi analitiklərin fikrincə, bu sammit “yeni dünya düzəni”nin formalaşmasında ilk addımdır.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun sözlərinə görə, sammitə müxtəlif yanaşmalar mövcuddur:
“Bəzi analitiklər bu toplantını yeni dünya nizamının qurulması istiqamətində Çinin atdığı bir addım kimi dəyərləndirirlər. Şübhəsiz ki, burada təmsil olunan ölkələrin əksəriyyəti qlobal cənubu təmsil edən dövlətlərdir. Onların əhali sayı, iqtisadi potensialı, yeraltı sərvətləri və digər imkanları ilə bu format kifayət qədər ciddi bir gücdür. Amma nəzərə almaq lazımdır ki, bu, hansısa siyasi birlik deyil”.

Politoloq qeyd edib ki, hazırda ŞƏT-i “anti-Qərb” formatı kimi qiymətləndirmək də düzgün olmaz:
“Burada Qərblə kifayət qədər yüksək münasibətləri olan ölkələr də təmsil olunurlar. Onların əsas niyyəti ŞƏT-in imkanlarından istifadə etməklə inkişafı gücləndirmək və milli maraqlarını təmin etməkdir. Gələcəkdə bu formatın siyasi birliyə çevrilib-çevrilməyəcəyi isə hələ açıq məsələdir. Rusiya, İran və Çin bu istiqamətdə maraqlıdırlar. Amma digər ölkələr ŞƏT-ə daha çox iqtisadi, mədəni və əlaqələrin inkişafı baxımından cəlbedici model kimi yanaşırlar”.
Oqtay Qasımov hesab edir ki, hələlik bu sammiti Qərb-Şərq qarşıdurmasının yeni mərhələsi kimi qiymətləndirmək doğru deyil. Bu sadəcə Çinin “yeni dünya düzəni” üçün atdığı addım idi.
Bəsti Rəfizadə
Sfera.az






