Tramp nə üçün Rusiya-Ukrayna müharibəsini bitirə bilmir? - AÇIQLAMA

Donald Tramp prezident seçkiləri ərəfəsində vəzifəyə gələcəyi təqdirdə Rusiyaya qarşı daha sərt və təsirli addımlar atacağı ilə bağlı vədlər vermişdi. Lakin onun hakimiyyəti illərində baş verənlər əksini göstərdi: Tramp administrasiyası Rusiyaya qarşı mövcud imkanlardan tam istifadə etmədi.
Bu isə beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olur. Bəzi siyasi dairələr hesab edir ki, ABŞ artıq Kremlə qarşı təsir alətlərini tükədib. Digərləri isə bildirir ki, Vaşinqtonun kifayət qədər güclü mexanizmləri var, sadəcə onlardan istifadə etmək istəmir.
Bəs ABŞ-nin Rusiyaya təsir imkanları artıq bitib?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Trampın Rusiyaya qarşı əlavə təsir imkanları kifayət qədərdir, lakin o, müxtəlif səbəblərdən bu addımları atmaq istəmir:

“ABŞ Rusiyanın tam şəkildə zəifləməsinin tərəfdarı deyil. Çünki Asiyada vahid bir ərazi olmalıdır. Əks halda bu, Rusiyanın iqtisadi və siyasi cəhətdən daha suveren olmaması və ABŞ ilə daha çox yaxınlaşmasına gətirib çıxara bilər. Paralel olaraq, bu proses Çinin ərazilərinin genişlənməsinə və təsir imkanlarının artmasına səbəb olacaq. Bu baxımdan Rusiyanın parçalanması Amerikanın marağında deyil”, – deyə politoloq vurğulayıb.
Zaur Məmmədovun fikrincə, Vaşinqtondakı siyasi mərkəzlər də Ukrayna məsələsində artıq müəyyən məqsədlərinə nail olublar. Onun sözlərinə görə, bundan sonrakı mərhələdə əsas hədəf müharibənin tam dayandırılması olacaq:
“ABŞ bu gün Ukrayna ilə bağlı istədiyi nəticələrin çoxuna çatıb. İndi məqsəd müharibəni nəzarətli şəkildə dayandırmaq və bölgədə balansı qorumaqdır.
ABŞ üçün əsas hədəf yalnız Rusiyanın zəifləməsi deyil, eyni zamanda qlobal güc bölgüsündə Çinin sürətli güclənməsinin qarşısını almaqdır. Bu isə Vaşinqtonun gələcək addımlarında Moskva ilə bağlı daha ehtiyatlı davranacağına işarə edir".
Firuzə Əliyeva
Sfera.az






