II Dünya müharibəsini Rusiya və Çin sonlandırıb? - İki dövlətin uğuru deyil...

II Dünya müharibəsini Rusiya və Çin sonlandırıb? - İki dövlətin uğuru deyil...
Kateqoriya məlum deyil
T

Çin lideri Si Cinpin  Rusiya və Çinin İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında əsas rol oynayan dövlətlər olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə həmin dövrdə böyük itkilər verməklə bəşəriyyətin faşizm və militarizmdən xilas olunmasına mühüm töhfə verib.

 

Çin rəhbəri vurğulayıb ki, bu tarixi qələbə həm Rusiya, həm də Çin xalqları üçün qürur mənbəyidir və iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.


Bu həqiqətən belədir? Qələbədə yalnız 2 dövlətin payı olub?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə yalnız SSRİ (indiki Rusiya) və Çin tərəfindən qazanılmayıb. 

 

 

Onun fikrincə, qələbə ümumi mübarizənin nəticəsi idi və həmin mübarizədə ön sırada gedən dövlətlər mövcud idi:

 

“Şübhəsiz ki, Rusiyanın mühüm rolu olub, lakin eyni dərəcədə Böyük Britaniya, eləcə də müharibənin ikinci mərhələsində ABŞ də həlledici təsir göstərib. Xüsusilə ABŞ ilk dəfə həmin dövrdə lendliz proqramını qəbul edərək SSRİ-yə hərbi və maliyyə yardımı göstərib və bununla da faşizm üzərində qələbənin qazanılmasına əhəmiyyətli dəstək verib.

Ədalətli qiymətləndirsək, qələbə bir neçə dövlətin birgə səyləri ilə mümkün olub. Çinin rolu isə daha çox partizan mübarizəsi və müqavimət hərəkatı ilə bağlı idi. Yaponiyanın işğalına qarşı ümumxalq mübarizəsi aparılıb və bu mübarizə həm SSRİ, həm də Qərb dövlətləri, xüsusən də ABŞ tərəfindən dəstəklənib. Digər tərəfdən, Yaponiyaya qarşı qələbənin təmin olunmasında Vaşinqtonun həlledici rolu olub”.

 

O.Qasımov əlavə edib ki, hazırda bu mövzu çox vaxt manipulyasiya üçün istifadə olunur:


 “Uzun illər Sovetlər Birliyində, indi isə Rusiyada bu qələbə əsasən onların xidməti kimi təqdim edilir. Halbuki, tarixi reallıq budur ki, dörd dövlət xüsusi rol oynayıb: SSRİ, ABŞ, Böyük Britaniya və müəyyən qədər Çin. Əsas hərbi və maliyyə dəstəyini isə ABŞ göstərib. Beləliklə, bu məsələyə daha çox təbliğat vasitəsi kimi yanaşılır və dövlətlər tarixi faktlardan siyasi məqsədləri üçün istifadə edirlər”.

 

Xatırladaq ki, İkinci Dünya müharibəsi 1939–1945-ci illər arasında baş vermiş, tarixdəki ən genişmiqyaslı və dağıdıcı müharibə kimi tarixə düşüb. Müharibə Almaniyanın Polşaya hücumu ilə başlayıb və nəticədə milyonlarla insan həyatını itirib. 

 

1945-ci ildə faşist Almaniyasının və Yaponiya imperiyasının məğlubiyyəti ilə Müttəfiqlər qələbə qazanıb. İkinci Dünya müharibəsində Müttəfiqlər faşist Almaniyasına, İtaliyaya və Yaponiyaya qarşı vuruşan dövlətlər bloku idi. Onların əsas üzvləri SSRİ, ABŞ, Böyük Britaniya, Fransa, Çin, Kanada, Avstraliya, Hindistan, Polşa, Yuqoslaviya və digər ölkələr olub.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR