Azərbaycan-Ermənistan arasında sülh müaviləsi nə zaman imzalanacaq? - Deputatdan AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında uzun illərdir davam edən münaqişənin həlli istiqamətində son aylarda diplomatik hərəkətlilik artıb. Xüsusən də ABŞ vasitəçiliyi ilə yaxın günlərdə paraflanan sülh mətninin tərəflər arasında imzalanması regional sabitlik üçün mühüm addım hesab olunur. Bu hadisə Cənubi Qafqazda yeni siyasi reallıqlar yarada bilər. Lakin sülhün real olaraq baş tutub-tutmayacağı, hələ də bir çox sual doğurur.
Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında real sülh gözlənilir?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu Vaşinqtonda imzalanan sazişin böyük əhəmiyyət daşıdığını və real sülhə yol aça biləcəyini deyib.

Onun sözlərinə görə, bu prosesə məhz Azərbaycanın start verdiyini və hazırda onu ardıcıl şəkildə irəli apardığını xatırlamaq lazımdır:
“Cənubi Qafqazda etibarlı təhlükəsizlik sisteminin qurulması da dayanıqlı sülhün əldə olunması baxımından Azərbaycanın atdığı qətiyyətli addımların nəticəsidir.
Sülh mətninin paraflanması, təbii ki, yekun sazişin imzalanması üçün tərəflərin üzərinə məsuliyyət qoyur. Azərbaycan tərəfi hər zaman sülhün səmimi tərəfdarı olub və bunu konkret addımları ilə sübut edib. Lakin mətnin yekun sazişə çevrilməsi əsasən Ermənistanın mövqeyindən asılıdır”.
O bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” telekanalına müsahibəsində də vurğuladığı kimi, Ermənistanda daxili vəziyyət dəyişə bilər, gələn il parlament seçkiləri keçiriləcək:
“Ancaq hər bir halda sülhün əldə olunması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Çünki Azərbaycan güclü və inkişaf etmiş dövlət kimi üstün mövqelərə malikdir, Ermənistan isə destruktiv siyasəti nəticəsində çıxılmaz duruma düşüb. Bu saziş Ermənistan üçün bir çıxış yolu ola bilər, lakin sülhün reallaşması Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən asılıdır”.
Politoloq həmin şərtlərdən birinin ATƏT-in Minsk qrupunun ləğvi artıq gerçəkləşmək üzrə olduğunu qeyd edib:
“Bu, Azərbaycanın əsas tələblərindən birinin təmin olunması deməkdir. Digər vacib məsələ isə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir ki, bu da zaman məsələsidir. Bununla belə, Ermənistanın xarici işlər naziri Mirzoyan bildirib ki, Vaşinqton razılaşmasında Konstitusiya dəyişikliyi ilə bağlı İrəvan heç bir öhdəlik götürməyib. Bu yanaşma isə suallar doğurur: Ermənistan yenə imitasiya ilə məşğuldur, yoxsa həqiqətən də sülh sazişi imzalamaq istəyir? Bu suala yalnız zaman cavab verəcək”.
E.Mirbəşiroğlu əlavə edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, əgər Ermənistan razılaşmadan geri çəkilərsə, bu, onun üçün ciddi problemlər yaradacaq:
“Çünki sənədə ABŞ və bir çox ölkələr də dəstək verib, razılaşmadan imtina isə Ermənistanın beynəlxalq münasibətlərinə mənfi təsir göstərəcək. Bütün bunları nəzərə alaraq, Vaşinqtonda imzalanmış sənəd gələcək sülhün əsasını təşkil edə bilər. Burada Azərbaycanın güclü mövqeyi həlledici rol oynayır, Ermənistanın isə nə dərəcədə sadiq olduğunu yalnız zaman göstərəcək”.
Fidan Hacızadə
Sfera.az






