İsraillə Türkiyə qarşı-qarşıya gələcək? - RƏY

İsraillə Türkiyə qarşı-qarşıya gələcək? - RƏY
Kateqoriya məlum deyil
T

Suriyada druzlar müstəqil dövlət yaratmaq istədiklərini açıqlayıblar. Druzları müdafiə edən isə İsraildir. Türkiyə isə hesab edir ki, bu, İsrailin Suriyanı parçalamaq cəhdi olub və rəsmi Ankara bunun qarşısını almaq üçün lazım gələrsə, hərbi müdaxilə edəcək.

 

Belə bir vəziyyət Suriyada İsrail Türkiyə qarşıdurmasına səbəb ola bilərmi?

 

Politoloq Oqtay Qasımov Sfera.az-a bu barədə açıqlamasında bildirib ki, şübhəsiz, İsrailin son aylarda Suriyada apardığı siyasət faktiki olaraq bu ölkənin parçalanmasına yönəlib: 

 

 

“İsrail dövləti həm Suriyada yaşayan druziləri, həm də PKK/PYD-ni dəstəkləməklə mərkəzi hakimiyyətin möhkəmlənməsinə imkan vermir. Çünki İsrail hesab edir ki, güclü Suriya dövləti onun maraqlarına uyğun deyil və gələcəkdə Yaxın Şərqdə genişlənmə planlarını əngəlləyəcək amillərdən biridir. Druzilərin yerləşmə arealına diqqət etsək, onların təxminən 150 min nəfərlik bir hissəsi İsraildə, böyük qismi Suriyada, müəyyən bölümü isə Livanda yaşayır”.

 

Politoloq hazırda Suriyada vəziyyəti qarışdıran əsas qüvvənin məhz İsrailin dəstəklədiyi druz liderləri olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, onlar İsrailin təsiri ilə son günlərdə xüsusilə Həra bölgəsində gərginlik yaradaraq hökumətə tabe olmaqdan imtina edir, üsyana qalxırlar:

 

“İsrail bu proseslərlə yanaşı, Suriyanın müxtəlif ərazilərinə, o cümlədən prezident iqamətgahına və Baş Qərargaha hava zərbələri endirib. Təəssüf ki, beynəlxalq ictimaiyyət bu aqressiyaya ciddi etiraz bildirmir. İsrailin əsas məqsədi ondan ibarətdir ki, Suriyada formalaşacaq yeni hakimiyyətin Türkiyə ilə normal münasibətlər qurması onun maraqlarına ziddir. Çünki Ankara bölgədə güclənərsə, bu, İsrailin strateji planlarına qarşı ciddi maneəyə çevriləcək”.

 

O.Qasımov əlavə edib ki, Türkiyə isə Suriyadan fərqli olaraq vahid və güclü mərkəzi hakimiyyətin, bütün cəmiyyəti əhatə edən bir idarəetmənin tərəfdarıdır:

 

“Əgər druzilərin separatçı iddiaları reallığa çevrilərsə, böyük ehtimalla Türkiyə hərbi müdaxiləyə hazır olacaq. Bu mövqeni prezident Rəcəb Tayyib Ərdoğan da dünənki çıxışında açıq şəkildə bəyan etdi. Onun “qılınc qınından çıxarsa, diplomatiyaya ehtiyac qalmaz” mesajı birbaşa ünvanlanmış xəbərdarlıq idi və Türkiyənin belə cəhdlərə sərt reaksiya verəcəyini göstərir. Belə bir ssenari reallaşacağı təqdirdə Yaxın və Orta Şərqdə ciddi gərginliklərin şahidi ola bilərik. İsrail hakimiyyətinin mövcud siyasəti faktiki olaraq bölgədə “İsrail layihəsini” reallaşdırmağa xidmət edir. Lakin bu cəhdlər region ölkələrində ciddi narazılıq və narahatlıqlar doğurur ki, nəticədə sabitlik əvəzinə qarşıdurmalara səbəb olur”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR