"İran və İsrail Yəmənə görə qarşı-qarşıya gələcək" - AÇIQLAMA

İsrailin yenidən İrana qarşı hərbi əməliyyatlara başlayacağı iddia olunur. Maraqlıdır, İsrailin milli təhlükəsizlik və strateji maraqları baxımından belə bir əməliyyata başlaması üçün əsas varmı?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, 24 və 25 avqustda Yəmənin paytaxtı Səna şəhərinə İsrailin zərbə endirdiyi, bunun isə İran tərəfindən dəstəklənən husilərin İsrailə yönəltdiyi raket hücumlarının ardınca atılan bir addım olduğu bildirilib:
“Husilər isə bəyan ediblər ki, onlar İsrailin hava hücumlarına cavabsız qalmayacaqlar və pilotsuz uçuş aparatları, raketlərlə İsrailə qarşı hücumlarını davam etdirəcəklər. Buna baxmayaraq, İsrailin keçmiş kəşfiyyat zabitlərinin İsrail–İran arasında müharibənin ikinci raundunun başlaya biləcəyi ilə bağlı açıqlamaları dünya mediasında gündəmə gəlib. Son hadisələr də İsrail ilə İran arasında yeni hərbi qarşıdurma ehtimalını artırır”.
Ü.Zülfiqarın fikrincə, 12 günlük müharibə zamanı İsrail ilə İran arasında başlayan gərgin proseslər indi müşahidə olunmur:
"Hazırda tərəflər arasında daha çox siyasi ritorika mövcuddur. 12 günlük müharibədən fərqli olaraq, indiki şəraitdə vəziyyət daha sakit və nəzarət altındadır. Əvvəlki eskalasiya dövründə yaşanan diplomatik təzyiqlər və müharibənin doğurduğu ağır nəticələr nəzərə alınaraq, hazırda birbaşa ikinci raundun başlaması ehtimalı aşağıdır”.
Şərhçi bu eskalasiyanın qısa müddətli olacağını və müəyyən hədəflər üzərində konkret hava hücumları şəklində ola biləcəyi gözlənildiyini əlavə edib.
O qeyd edib ki, burada əsas məsələ Yəməndə baş verən prosesləri diqqətlə izləməkdir:
“Çünki yeni eskalasiya yaranarsa, bu, məhz Yəməndəki hücumlarla bağlı ola bilər. İkinci raund baş verərsə, onun uzunmüddətli və genişmiqyaslı olacağı ehtimalı aşağıdır. Bununla belə, İsrail və İran arasında siyasi ritorika üstünlük təşkil edir. Yəni hər hansı eskalasiya mümkündür, amma dediyim kimi, bu daha çox istisna xarakteri daşıyır”.
Fidan Hacızadə
Sfera.az






