Putin Azərbaycanla barışıq istəyir? - ŞƏRH

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib. Baş nazirin müavini Şahin Mustafayev və onun rusiyalı həmkarı Aleksey Overçuk da Həştərxanda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasını keçirəcəklər.
Ümumiyyətlə, son vaxtlar münasibətin normallaşdırılması üçün cəhdlərin edildiyi görünür.
Münasibətlər bundan sonra necə inkişaf edə bilər?
Siyasi ekspert Məhəmməd Əsədullazadə mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya və Azərbaycan arasındakı böhran Rəsmi Moskva tərəfindən yaradılıb və idarə olunur.
Onun sözlərinə görə, Azərbaycan mülki təyyarəsini vurması, ardınca Azərbaycan miqrantlarına qarşı zorakı hərəkətlər və Ukraynada Azərbaycan maraqlarına qarşı hərbi hücumlar da bunun sübutudur.
Ekspert qeyd edib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanması və Zəngəzur dəhlizinin açılmasında ABŞ-nin rolunun olması Rusiyanı qəzəbləndirib:
“Rusiya çalışırdı ki, sülh olmasın, region onun vassalında olsun, ölkələrin müstəqil siyasətini qonşuluq prinsiplərinin üstündən təmamilə xətt çəkirdi. Prezident İlham Əliyev isə müstəqil və Azərbaycan Respublikasının milli maraqlarına uyğun siyasət aparır. Dövlət öz suverenliyi və müstəqilliyi üçün başqa dövlətə güzəştə gedə bilməz. Rusiya gördü ki, Azərbaycanda təzyiqlər nəticə vermir, indi çalışır ki, müəyyən danışıqlar aparsın, münasibətləri normallaşdırsın. Azərbaycan Rusiya ilə münasibətlərdə daim qonşuluq və qarşılıqlı etimad əsasla maraqlıdır”.
M.Əsədullazadə vurğulayıb ki, bu böhran Rusiya tərəfindən yaradılmışdı, o tərəf də çalışıb problemləri həll etməlidir. Görünür, Rusiya da münasibətləri normallaşdırmağa çalışır ki, bu istqamətdə addımlar da atılır. Bundan sonrakı hadisələr də Rusiyadan asılı olacaq.
Firuzə Əliyeva
Sfera.az






