Ukrayna və Qərb: Müharibənin məğlub tərəfi kimdir? - Şərh

ABŞ və bəzi Qərb ölkələri münaqişənin dayanması üçün Ukraynaya güzəştə getməyi təklif edirlər. Onların fikrincə, Rusiya-Ukrayna müharibəsinin məğlub tərəfi Ukraynadır və buna görə də atəşkəs, yaxud sülh üçün Kiyevin güzəştə getməsi vacibdir.
Bəs həqiqətdə müharibənin məğlub tərəfi yalnız Ukraynadırmı? Yəni, Ukraynanın məğlubiyyəti yalnız ona aiddirmi, burada Qərbin də məğlubiyyət payı yoxdur?
Siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, əgər bu müharibədə Ukrayna uduzubsa, bu yalnız onun deyil, həm də Qərbin məğlubiyyətidir.
Onun sözlərinə görə, Ukrayna situativ olaraq məğlub görünür, lakin prosesin dərinliyində Qərbin məsuliyyəti daha böyükdür:
“Qərb müharibəni uzatmaqla Rusiyanın obrazını zəiflətmək, daxildən sarsıtmaq istəyirdi. Buna müəyyən qədər nail olundu — çoxsaylı itkilər, infrastrukturun çökməsi və beynəlxalq təsirlər Rusiyanı zəiflədir. Amma təkcə Ukrayna Rusiyanı məğlub edə bilməzdi, bunu ABŞ da, Avropa da yaxşı anlayır. Hazırda sülh mümkün deyil, yalnız müvəqqəti atəşkəs gündəmə gələ bilər. Əgər Avropa qoşunları Ukraynada yerləşərsə, bu müəyyən üstünlük sayıla bilər. Amma itirilmiş torpaqlarla bağlı hər hansı müqavilə həm Ukraynanın, həm də Qərbin məğlubiyyəti olacaq”.

Ekspertə görə, ABŞ və Avropanın Ukrayna məsələsində mövqelərinin üst-üstə düşməməsi Ukraynanı çətin vəziyyətə salıb:
“Hərəsinin öz marağı var, bu səbəbdən Rusiyaya münasibətdə də fərqlilik müşahidə olunur. Ukrayna isə ağır və çıxılmaz duruma düşüb. Buna görə də müharibəni dayandırıb alternativ yollar üzərində düşünmək daha realdır. Rusiyaya qarşı sərt sanksiyalar davam etməli və bu məhdudiyyətlər Moskvanı işğal etdiyi torpaqlardan əl çəkməyə məcbur etməlidir”.
Tural İrfan vurğulayıb ki, Ukraynaya müharibədə yetərli dəstək verilməyib:
“Ziyanın yarısından dönmək də xeyirdir. Amma Ukraynanın tam məğlub olması və Rusiyanın qalib elan edilməsi gələcəkdə daha böyük təhlükələr yarada bilər. Rusiya artıq Gürcüstanın bir hissəsini işğal edib, indi də Ukraynanın torpaqlarını zəbt edir. Əgər buna mane olunmazsa, Kreml başqa ölkələrə qarşı da yeni təcavüz planları qura bilər. Ukraynanı məğlub, Rusiyanı isə qalib kimi qəbul etmək gələcəkdə dünyanı daha böyük fəlakətlərə aparacaq. Ona görə də ABŞ və Avropa Birliyi başda olmaqla beynəlxalq ictimaiyyət Rusiyanın mövqeyini zəiflətmək üçün bütün addımları atmalıdır”.
Bəsti Rəfizadə
Sfera.az






