Kiyevə zamanət verildi - Faydası olacaqmı?

Kiyevə zamanət verildi - Faydası olacaqmı?
Kateqoriya məlum deyil
T

ABŞ, Avropa və Ukrayna Kiyev üçün təhlükəsizlik təminatları ilə bağlı təklif hazırlayacaq komissiya yaradıb.

 

Xatırladaq ki, 1994-cü ildə də ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən Ukraynaya təhlükəsizlik zəmanəti verilmişdi, amma faydası olmadı.

 

Maraqlıdır, indi başqa hansı formada zəmanət verilməlidir ki, Ukraynaya təhdid olmasın?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ, Avropa və Ukraynanın Kiyev üçün yeni təhlükəsizlik təminatları ilə bağlı komissiya yaratması, müharibənin gedişində ortaya çıxan ən vacib mövzulardan biridir.

 

 

Onun sözlərinə görə, əslində, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukraynaya oxşar təminatlar verirdi: Ukrayna nüvə silahından imtina etdi, əvəzində ABŞ, Böyük Britaniya və Rusiya onun suverenliyini və ərazi bütövlüyünü tanıyaraq təhlükəsizlik zəmanəti verdilər.

 

Amma sonrakı hadisələr – Krımın ilhaqı və genişmiqyaslı işğal – həmin təminatların yalnız kağız üzərində qaldığını göstərdi.

 

Politoloq qeyd edib ki, ona görə indi Ukrayna üçün veriləcək zəmanətlər əvvəlkindən köklü şəkildə fərqlənməlidir:

 

"İlk növbədə, bu təminatlar hüquqi cəhətdən məcburi və icra mexanizmləri ilə təmin olunmuş sənəd formasında olmalıdır. Sadəcə siyasi bəyanat və ya memorandum deyil, konkret öhdəlikləri ehtiva edən razılaşma vacibdir.

İkinci mühüm məqam hərbi-texniki zəmanətlərdir. Yəni, əgər Rusiya tərəfindən yeni təhdid olarsa, ABŞ və Avropa Ukraynaya dərhal silah, hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi göstərməyi öhdəsinə götürməlidir. Bu, yalnız sözlə deyil, konkret müqavilələrdə göstərilməlidir.

Üçüncü istiqamət siyasi və diplomatik zəmanətdir – Ukrayna ilə bağlı təhlükəsizlik mexanizmləri NATO ilə tamhüquqlu üzvlük olmadan belə, alyansın kollektiv dəstəyini təmin edə biləcək formada qurulmalıdır. Bu, “NATO+Ukrayna” formatı və ya xüsusi müdafiə paktı şəklində ola bilər".

 

Z.Qarayevanln fikrincə, iqtisadi zəmanətlər də vacibdir:

 

"Müharibədən sonra Ukraynanın bərpası və davamlı iqtisadi dayanıqlığı yalnız təhlükəsizliklə deyil, maliyyə təminatı ilə də bağlı olacaq. Bu səbəbdən uzunmüddətli dəstək proqramı və investisiya mexanizmləri təhlükəsizlik paketinə daxil edilməlidir.

Beləliklə, yeni yaradılan komissiyanın hazırlayacağı təminatlar yalnız 1994-cü ildəki kimi siyasi jest olmamalıdır. Ukraynanın gələcək təhlükəsizliyi üçün hüquqi, hərbi, siyasi və iqtisadi mexanizmləri özündə birləşdirən çoxşaxəli sistem qurulmalıdır. Əks halda, zəmanətlərin kağız üzərində qalması təhlükəsi yenidən təkrarlana bilər".

 

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR