Makron Putin-Zelenski görüşü üçün Cenevrəni təklif etdi

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş üçün mümkün yer kimi Cenevrəni təklif edib.
Sfera.az xəbər verir ki, “TF1” ə müsahibəsində Fransa lideri Parisin belə bir görüşə ev sahibliyi etməsi ideyasını “2019-cu ildə olduğu kimi” rədd edib.
O, televiziya müxbirinin sualına cavab olaraq bildirib ki, hazırda vəziyyət “başqa mərhələdədir” və “neytral ölkə” seçilməlidir.
"Potensial olaraq, İsveçrə, mən Cenevrəyə üstünlük verərdim. Yaxud bu başqa ölkə ola bilər. Keçən dəfə Türkiyədə, İstanbulda ikitərəfli görüşlər keçirilib", - o xatırladıb.
Fransa dövlət başçısı əlavə edib ki, Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Zelenski arasında Vaşinqton görüşündə Rusiya-Ukrayna sammitinin keçirilməsinin mümkünlüyü müzakirə edilib, bunun ardınca ABŞ ilə üçtərəfli danışıqlar və daha geniş çoxtərəfli görüş ola bilər.
Dünən axşam keçirdiyi mətbuat konfransında Makron deyib ki, Türkiyə və “təhlükəsizliyi münaqişənin nəticəsindən asılı olan” digər Avropa ölkələri bu danışıqlarda iştirak etməlidir.
Qeyd edək ki, Tramp bazar ertəsi Vaşinqtonda Ukrayna münaqişəsinin həlli ilə bağlı çoxtərəfli görüş keçirib. Danışıqlarda Zelenski, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Corca Meloni, Finlandiya prezidenti Aleksandr Stubb, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte iştirak edib. Görüşdən əvvəl Tramp Ağ Evin ilk dəfə olaraq Avropa liderlərinin rekord səviyyəli toplantısına ev sahibliyi edəcəyini vurğulayıb.
Trampla Zelenski arasında təkbətək söhbət təxminən bir saat davam edib, bundan sonra ABŞ lideri Avropa liderləri və Zelenski ilə görüşüb. Bundan əlavə, Tramp Rusiya Prezidenti Vladimir Putinə zəng edərək danışıqlar barədə məlumat verib. Kremlin köməkçisi Yuri Uşakov qeyd edib ki, onların söhbəti təxminən 40 dəqiqə davam edib.
Firuzə Əliyeva
Sfera.az






