Tramp nə üçün Rusiya-Ukrayna müharibəsində canfəşanlıq edir? - ŞƏRH

ABŞ Ukrayna-Rusiya münaqişəsinin həlli üçün ciddi səylər göstərir. Amma yekun nəticə yoxdur. Rusiyaya təsir imkanı olan daha bir ölkə var – Çin.
Maraqlıdır, müharibənin dayandırılması üçün Çinin imkanlarından niyə istifadə edilmir?
Politoloq Əlimusa İbrahimov Sfera.az saytına verdiyi açıqlamada bildirib ki, bu gün Rusiya-Ukrayna müharibəsinin aradan qaldırılması, atəşkəsin əldə olunması və sülh sazişinin imzalanması fonunda sadəcə ABŞ-nin səylərindən söhbət gedir. Hazırda bunu ən çox istəyən Rəsmi Vaşinqtondur, daha sonra digər ölkələr, o cümlədən Türkiyənin səsi eşidilir.

Politoloq qeyd edib ki, ABŞ-nin çox ciddi şəkildə cəhdləri də nəticə verməyib. Zelenskinin Trampla görüşünün nəticəsi ilə bağlı öncədən ciddi proqnozlar vermək mümkün deyil, lakin ABŞ bir gün bu vasitəçilikdən geri çəkilə bilər.
Ə.İbrahimovun sözlərinə görə, bütün bu hadisələr fonunda Çinin fəaliyyəti nəzərə çarpmır, lakin Rusiya üçün ciddi təsirə malik olan ölkədir, bu münaqişənin həll olunmasında vasitəçilik rolunu öz üzərinə götürə bilərdi.
O əlavə edib ki, bu barədə xəbərin olmamasının bir neçə səbəbi var:
“Öncəliklə, Rusiya ilə Çinin isti və yaxın münasibətləri mövcuddur, həmçinin münaqişənin Rusiyanın xeyrinə həll olunacağına dair illuziyalar var. Bu səbəbdən bəzi dövlətlər Çini bu vasitəçilik missiyasında görmürlər. Digər tərəfdən, Çin özü də bu istiqamətdə addımlar atmır. Axı ABŞ-ni heç kim irəli çəkməmişdi, Tramp özü bu missiyanı üzərinə götürüb. Çin rəhbərliyi isə bu barədə təşəbbüs göstərmir. Çin bəlkə də münaqişənin davam etməsində maraqlı ola bilər. Rusiya ilə Ukrayna arasındakı vəziyyət Çin üçün iqtisadi-siyası baxımdan çox dividentlər gətirir”.
Firuzə Əliyeva
Sfera.az






