Rusiya Azərbaycanı hədəf alıb - Politoloq

"Rusiya Azərbaycanı birbaşa deyil, dolayı yolla hədəf almağa davam edir".
Sfera.az xəbər verir ki, bu fikirləri politoloq Şahin Cəfərli Rusiyanın ötən gün Odessada SOCAR-ın neft bazasına növbəti hücumunu şərh edən zaman bildirib.
O hesab edir ki, neft bazasının və bir müddət öncə Azərbaycan qazının nəql edildiyi kompressor stansiyasının vurulması Azərbaycana həm xəbərdarlıq, həm də onun iqtisadi maraqlarına zərbə kimi qiymətləndirilməlidir.

"Azərbaycanın ixrac neftinin qəflətən çirklənməsi - daha doğrusu, çirkləndirilməsinə də bu kontekstdə yanaşmaq məntiqli olar", - deyən Ş.Cəfərli Rusiyanın bu davranışlarının məqsədli olduğunu söylədi:
"Rusiya Azərbaycandan nə istəyir? Çox baş sındırmadan rusiyalı sözçülərin açıqlamalarına nəzər salmaqla bunu müəyyən qədər görmək olur. Rusiya ona nail olmağa çalışır ki, Azərbaycan 10 noyabr 2020-ci il Bəyanatının çərçivələri daxilində və bu sənədlə əsası qoyulmuş üçtərəfli formatın içərisində qalsın. Eyni zamanda, Moskva münasibətlərin yenidən 2022-ci il 22 fevral tarixli müttəfiqlik anlaşmasındakı qarşılıqlı öhdəliklərə uyğunlaşdırılmasını gözləyir.
Ukraynadakı həll prosesi fonunda ABŞ və Rusiya arasındakı istiləşmə Azərbaycanın (və təbii ki, Paşinyan hökumətinin) manevr imkanlarını daralda bilər. Bu istiləşmə davam edərək yaxınlaşmaya çevrilərsə, Zəngəzur yolunu işlədəcək operatorlar sırasına Rusiya şirkəti də əlavə olunsa, ümumən Rusiyanın orada iştirakı hansısa şəkildə təmin edilsə, təəccüblənmək lazım deyil. Putin belə bir xahişlə Trampa müraciət edərsə, cavab yəqin ki, müsbət olacaq".
Altay






