“Alyaskada tərəflər niyyətlərini bəyan edəcək” - Politoloq

Bu gün Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mühüm görüş keçiriləcək.
Alyaska görüşü ilə bağlı gözləntiləri Sfera.az saytına şərh edən politoloq Züriyə Qarayeva hesab edir ki, bu zirvə həm formatı, həm də seçilən məkan baxımından Ukrayna müharibəsinin gedişinə təsir edə biləcək nadir diplomatik hadisələrdən biridir.
O bildirib ki, görüşün iki əsas xüsusiyyəti var – yalnız ABŞ və Rusiya liderlərinin masada olması və danışıqların rəmzi, həm də strateji əhəmiyyət daşıyan Alyaskada baş tutması:
“Alyaska seçimi Moskva üçün həm ABŞ ilə tarixi coğrafi yaxınlığın, həm də Avropa və Ukraynadan uzaqda aparılan danışıqların simvoludur. Bu, Kremlin Kiyevi və Avropa İttifaqını prosesdən kənarlaşdırmaq istədiyini göstərir”.

Politoloqa görə, Putin beynəlxalq izolyasiyanın uğursuzluğunu nümayiş etdirmək və işğal etdiyi Ukrayna ərazilərində mövcud vəziyyətin faktiki qəbulunu təmin etmək niyyətindədir. O, həmçinin Kiyevi daha çox ərazilərdən çəkilməyə məcbur etmək və sanksiyaların yumşaldılması məsələsini gündəmə gətirmək istəyir. Tramp isə görüşdən dərhal sülh sazişi çıxmasını gözləməsə də, özünü “danışıqlar yolunu açan lider” kimi təqdim etmək və vasitəçi statusunu möhkəmləndirmək niyyətindədir.
Züriyə Qarayeva qeyd edib ki, “torpaq razılaşması” tipli təkliflər Ukrayna və Avropa tərəfindən qəbul edilməyəcək:
“Kiyevin iştirakı olmadan əldə olunacaq hər hansı razılaşma həm legitimlik, həm də icra baxımından zəif olacaq. Putin şərtlərindən geri çəkilmək niyyətində deyil, Tramp isə daha çox daxili siyasi qazanc üçün kompromis görüntüsü yarada bilər”.
Politoloq hesab edir ki, görüş real sülh razılaşmasından çox, tərəflərin siyasi məqsədlərinə xidmət edən “niyyət bəyanatı” ilə yekunlaşa bilər:
“Zirvə müharibəni dərhal bitirməsə də, növbəti diplomatik mərhələnin çərçivələrinin müəyyənləşməsi və mövqelərin yoxlanılması üçün mühüm ola bilər”.
Bəsti Rəfizadə
Sfera.az






