"3+3 formatında görüş bu zaman reallaşacaq" - Deputatdan AÇIQLAMA

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan 3+3 fotmatlı görüşün Bakıda və ya İrəvanda keçirilməsinin planlaşdırıldığını deyib.
Kostanyan Azərbaycan və Ermənistan arasında münasibətlərdə son hadisələrin, eləcə də regionda nəqliyyat marşrutlarının bərpasına dair fundamental razılaşmanın dialoq üçün, o cümlədən “3+3” çərçivəsində yeni fəsil açdığını vurğulayıb
Yaxın vaxtlarda belə görüş reallaşa bilərmi? Bütün tərəflərin birbaşa dialoqda iştirakı mümkün görünürmü?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu regionda əməkdaşlıq üçün nəzərdə tutulan 3+3 formatının hər zaman aktual olduğunu deyib.

O bildirib ki, bu model Azərbaycan və qardaş Türkiyənin təşəbbüsü ilə regional əməkdaşlığı gücləndirmək məqsədilə irəli sürülüb:
“Hazırda Ermənistanın yenidən bu formata qayıtmaq niyyəti, onun Azərbaycan tərəfindən təklif edilən sülh gündəminə uyğunlaşmaq cəhdi kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, görüşün məkanı da əhəmiyyət daşıyır. ABŞ-də paraflanmış sülh sazişindən sonra belə bir toplantının Bakıda və ya İrəvanda keçirilməsi, tərəflərin həmin razılaşmaya sadiqliyinin nümayişi olmaqla yanaşı, həm də sülh istəklərinin mesajı kimi qəbul edilə bilər. Buna görə də belə bir görüşün reallaşması mümkündür”.
Millət vəkili qeyd edib ki, vaxt məsələsinə gəlincə, ehtimal olunur ki, bu, yaradılması nəzərdə tutulan müvafiq komissiyanın formalaşmasından sonra baş tuta bilər:
“İlk müzakirə mövzusu isə Zəngəzur dəhlizi olacaq. Azərbaycan və Ermənistan dəhlizin açılması ilə bağlı işlərə başlamaq üçün konkret addımlar atmağa çalışacaqlar”.
H.Babaoğlu 3+3 formatının əslində 3+2 formatında həyata keçiriləcəyi gözlənildiyini əlavə edib:
“Çünki Gürcüstanın bu modeldə iştirakı hələlik real görünmür. Rəsmi Tbilisi bəyan edib ki, Rusiya iştirak etdiyi heç bir platformada yer almayacaq, çünki iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil. Beləliklə, ilkin mərhələdə bu görüşün baş tutması, tərəflərin ABŞ-də imzalanmış sülh sazişinə sadiq qaldıqlarının mühüm göstəricisi kimi dəyərləndirilə bilər”.
Fidan Hacızadə
Sfera.az






