Tramp-Putin görüşü sülhlə sonlanacaq? - AÇIQLAMA

Avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin son illərdə ilk dəfə üz-üzə görüşəcəklər. Bu görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir, çünki iki nüfuzlu liderin bir araya gəlməsi həm ikitərəfli münasibətlərin gələcəyi, həm də qlobal siyasətdə baş verə biləcək dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyır.
Bu görüş Trampın vasitəçiliyi ilə Ukrayna-Rusiya münaqişəsinə sülh gətirə bilərmi?
Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu bildirib ki, ayın 15-də ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində keçiriləcək görüş dünyanın diqqətini cəlb edib. Hər iki ölkə kifayət qədər təsir gücünə malik olduğundan bu görüşün yaxın gələcəkdə qlobal geosiyasi proseslərə mühüm təsir göstərəcəyi ehtimal olunur. Buna görə də həm Rusiya, həm də Avropa mediası mövzuya geniş yer ayırır.
O görüşü əsasən iki kontekstdə qiymətləndirmək lazım olduğunu deyib:

“İlk baxışdan, ABŞ-Rusiya münasibətlərinin xarakteri nəzərə çarpır. İlk təmaslarda müşahidə etdik ki, hər iki tərəf əlaqələrin normallaşdırılması və diplomatik dialoqun qurulması istiqamətində addımlar atır. Yəni Rusiya ilə ABŞ arasında diplomatik əlaqələrin bərpası və əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin marağındadır. Təsadüfi deyil ki, ilk təmaslarda Vaşinqton və Moskva nümayəndələri arasında Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edib. Bu, iki ölkə arasındakı iqtisadi əməkdaşlığın siyasi dialoqla paralel inkişaf etdirilməsi niyyətini göstərir. Bu baxımdan görüşü yalnız Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi perspektivində şərh etmək düzgün olmaz. Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Tramp Alyaskada mineral metallurgiyanın yenidən inkişaf etdirilməsi təklifini irəli sürmüşdü”.
Politoloq qeyd edib ki, Alyaskanı görüş yeri kimi seçməsi də maraqlıdır, çünki əvvəllər daha çox Birləşmiş Ərəb Əmirlikləri müzakirə edilirdi:
“Alyaskanın seçilməsi ABŞ–Rusiya əməkdaşlığı barədə düşüncələrə yol açır. ABŞ, Rusiya–Ukrayna münaqişəsinin həllinə ciddi yanaşır və Tramp bu istiqamətdə addımlar atır. Əgər geri dönüş olmazsa, Rusiyaya qarşı sərt tədbirlər görüləcəyi açıqlanıb. Xatırlatmaq lazımdır ki, avqustun 8-i son müddət kimi göstərilmişdi. Bu tarixədək Trampın xüsusi nümayəndəsi Uitkoff Moskvada Rusiya prezidenti ilə görüş keçirib. Moskva bu görüşü konstruktiv və faydalı hesab edib. Ardınca ABŞ və Rusiya liderlərinin görüşü elan olundu.
Bu vəziyyət hansı nəticələrdən xəbər verir? Əsas ehtimal Rusiyanın şərtləri çərçivəsində atəşkəs rejiminin tətbiqi ola bilər. Bu şərtlərə görə, Ukrayna prezidenti Zelenski görüşdə iştirak etmir. Ayın 13-də Tramp Avropa liderləri və Zelenskinin iştirak etdiyi onlayn görüş keçirib. Avropa liderləri Zelenskinin iştirakını tələb etsələr də, Tramp buna razılıq verməyib”.
E.Mirbəşiroğlunun sözlərinə görə, Tramp bildirir ki, Zelenski iştirak etsə, danışıqlar uğursuz ola bilər:
“Eyni zamanda, deyilir ki, son üç il ərzində Zelenski sülhün əldə olunması istiqamətində ciddi addım atmayıb. Bu yanaşmaya əsasən, əsas iradə ABŞ və Rusiyanın tərəfindədir. Onlar prosesi öz aralarında müzakirə edəcək və qərar qəbul edəcəklər. Tramp isə ərazi məsələsini müzakirə etməyəcəyini açıqlayıb. Əgər bu belədirsə, əsas nəticə atəşkəs rejiminin tətbiqi olacaq. Təbii ki, bunun üçün konkret şərtlər müzakirə ediləcək.
Ola bilər ki, Rusiya bu mövqeyini saxlasın. Ümumilikdə, Trampın geosiyasi və iqtisadi yanaşmasını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, o, Vaşiqton-Moskva münasibətlərini Rusiya–Ukrayna münaqişəsi kontekstindən qiymətləndirmir. Bu baxımdan, görüşdən ən yaxşı halda atəşkəs rejiminin tətbiqi ilə bağlı nəticələr gözlənilə bilər. Lakin daha əhəmiyyətli nəticə ABŞ–Rusiya münasibətlərinin gələcək xarakteri barədə fikir formalaşdırmaqdır. Dünyanın iki supergücünün, ən böyük nüvə arsenalına malik ölkələrin liderlərinin görüşü bütövlükdə qlobal geosiyasətə təsir göstərə bilər”.
Fidan Hacızadə
Sfera.az






