Rusiya-Ukrayna sülhündə Çin uduzacaq? - AÇIQLAMA

Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Çin üçün əlverişlidir. Çünki bu şəraitdə ABŞ diqqətini əsasən həmin müharibəyə yönəldir və Çinlə rəqabət aparmaq imkanları zəifləyir.
Bu baxımdan müharibənin dayanması Çin üçün hansı risklər yaradır?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Ukrayna savaşının Çin üçün bir neçə istiqamətdə sərfəli olduğunu deyib:

“Birincisi, münaqişə davam etdikcə ABŞ Çinə qarşı təzyiqləri maksimum səviyyəyə çatdırmaqdan çəkinir. Çünki Vaşinqton və digər qərb ölkələri eyni vaxtda bir neçə cəbhədə qarşıdurmaya girməkdə maraqlı deyillər. Lakin Tramp administrasiyası Çinlə iqtisadi-ticarət sahəsində ciddi problemlər yaşayır və Pekinin yüksəlişini dayandırmağa çalışır. Ukrayna müharibəsi bu baxımdan Çinə faydalıdır, çünki savaş davam etdikcə ABŞ iqtisadi-ticarət mübarizəsini daha da dərinləşdirməkdə həvəsli olmayacaq və müəyyən balansı qorumağa üstünlük verəcək”.
Onun sözlərinə görə, digər tərəfdən, Ukrayna müharibəsi Çinə strateji baxımdan da əlverişlidir:
“Belə ki, Rusiya problemli dövlətdir. Güclü Moskva qonşu ölkələr üçün real təhlükə yaradır və Pekin də bu qonşular sırasındadır. Keçmiş SSRİ dövründə SSRİ ilə Çin arasında müəyyən ziddiyyətlərin mövcudluğu məlumdur. Bu baxımdan Çinə sərfəlidir ki, Ukrayna savaşında Rusiya mümkün qədər zəifləsin və qonşu dövlətlərlə qarşıdurma imkanlarından məhrum olsun. Pekin öz şimal sərhədlərində aqressiv və beynəlxalq hüquq normalarını pozan güclü Moskvanın olmasını istəmir. Buna görə də, Çin-Rusiya münasibətləri ilk baxışda müttəfiqlik kimi görünə bilər, lakin əslində bu, gizli rəqabət kontekstindədir. Çin, Rusiyanı beynəlxalq rəqibi kimi qiymətləndirir”.
E.Xalidbəyli daha bir önəmli məqama toxunaraq bildirib ki, Çin daxilində bəzi siyasi dairələr hesab edirlər ki, Moskva nə qədər zəifləsə, Pekinin ərazi genişlənmə imkanları bir o qədər artar:
“Hətta bir müddət öncə Çin telekanallarında bu iddialara yönəlik mesajlar və süjetlər yayımlanmışdı. Pekin gələcəkdə Moskva Uzaq Şərq ərazilərinə maraqlıdır və əgər Rusiya zəifləyərək parçalanarsa, Çin həmin torpaqları nəzarətə götürərək sərhədlərini genişləndirmək və əhalisini daha geniş ərazilərdə yerləşdirmək imkanını əldə edə bilər”.
Politoloq əlavə edib ki, nəticə olaraq, Rusiya və Çin arasında münasibətlər əslində dostluq və müttəfiqlik deyil, rəqabət müstəvisində davam edir:
“Bu baxımdan Çin Ukrayna münaqişəsinin davam etməsində maraqlıdır, lakin Rusiyaya ciddi dəstək vermir. Bu isə göstərir ki, yaxın gələcəkdə Rusiyanın Çinlə yaxınlaşmaq cəhdləri uğurlu olmayacaq. Bütün bunlar həm də onu göstərir ki, Moskva Pekin dəstəyini itirmiş ola bilər və Ukrayna savaşının həllində Çin əks mövqedən çıxış etməyə üstünlük verəcək”.
Fidan Hacızadə
Sfera.az






