Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı mühüm addımların atılması Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Yeni reallıqlar Azərbaycanın dostlarını sevindirsə də, təəssüf ki, bəzi dövlətləri məmnun etməyib. Bu baxımdan Rusiya və İranın davranışları xüsusilə diqqət çəkir.
Həm Moskva, həm də Tehran öz davranışlarında əldə edilən razılaşmadan ciddi narahatlıq keçirdiklərini gizlətmirlər. Hər iki ölkədən dolayı şəkildə bu razılaşmaya qarşı sərt bəyanatlar səsləndirilir.
İran və Rusiyanın qeyd edilən məsələ ilə bağlı davranışlarını Sfera.az saytına şərh edən Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, hər iki dövlət baş verənləri qəbul etmək məcburiyyətindədir. Onun fikrincə, məsələnin bu şəkildə razılaşdırılaraq həlli Azərbaycan və Ermənistan üçün müsbət dəyişikliklərə səbəb olacaq:
"ABŞ Prezidenti Donald Tramp və onun müttəfiqləri Vaşinqtonda strateji razılaşmalara nail olublar. Bu razılaşmalar yalnız sülh müqaviləsinin yumşaldılması və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması ilə məhdudlaşmır, həm də 907-ci düzəlişin ləğvini, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını əhatə edir. 8 avqust tarixində imzalanan bu saziş ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açır. Donald Trampın verdiyi vədlər və regiona dair strategiyası burada xüsusi rol oynayıb. Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı 99 illik müddətə Zəngəzur dəhlizini icarəyə götürəcək və bununla da dəhlizin təhlükəsizliyi üçün qarant dövlət kimi çıxış edəcək".
Deputat bildirib ki, bu razılaşmaların Moskva və Tehran tərəfindən soyuq qarşılanacağı gözlənilən idi:
“İran rəsmiləri Azərbaycana qarşı sərt tənqidlər edir, İran mediası isə bəzən əldə olunan razılaşmaları şişirdir. Lakin İran Prezidenti Məsud Pezeşkian da bildirib ki, bəzi məsələlərdə razılaşmaların qabardılması real vəziyyəti əks etdirmir. İran Zəngəzur dəhlizi ilə bağlı Qərb və Şimal istiqamətindəki nəqliyyat yollarının bağlanmasını istəmir, öz logistika imkanlarını qorumağa çalışır. İranın ali dini rəhbəri və yaxın dairələri isə vəziyyətin yumşaldılması üçün daha kəskin addımlar atırlar ki, bu da pragmatik yanaşma kimi qiymətləndirilməlidir”.
Elman Nəsirov qeyd edib ki, Rusiyanın kütləvi informasiya vasitələrində də İranda olduğu kimi Azərbaycanla bağlı mənfi təbliğat genişlənir:
“Bəzi dairələr hesab edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyat aparması Azərbaycanla münasibətlərinə təsir etməli, Azərbaycandan gələn məhsulların idxalı məhdudlaşdırılmalı, sahibkarlar təzyiq altında saxlanmalıdır. Bu, demokratiyadan uzaq və beynəlxalq normalara zidd yanaşmadır. Əslində, belə addımlar Rusiyanın Qafqaz siyasətinə ciddi zərbə vuracaq. Belə ağılsız siyasət Rusiyanın mövcud imkanlarını məhdudlaşdırır və strateji mövqeyinə böyük zərbə gətirir. Rusiyada bir sıra deputatlar hadisələrə şəxsi maraqlar prizmasından baxırlar ki, bu da vəziyyəti daha da gərginləşdirir. Əgər Rusiyanın Azərbaycan siyasətində etdiyi səhvlərdən nəticə çıxarılmasa və təxribatlar, təhdidlər davam edərsə, bu, Rusiyaya bumeranq kimi qayıdacaq və onun Qafqaz siyasəti ciddi problemlərlə üzləşəcək. Lakin unutmamalıyıq ki, Rusiya regionda güclü dövlət olaraq qalır”.
E. Nəsirov vurğulayıb ki, Azərbaycan Prezidenti kiçik dövlətə rəhbərlik etsə də, beynəlxalq aləmdə böyük nüfuza malikdir:
“Onun sözünün çəkisi yüksək qiymətləndirilir. Çin kimi dünya güclərindən biri tərəfindən yüksək səviyyədə qarşılanması və BMT rəhbərliyi tərəfindən böyük hörmətlə dəyərləndirilməsi Azərbaycanın mövqeyini gücləndirir. Rusiya bu reallıqları nəzərə almalı və siyasətində lazımi nəticələri çıxarmalıdır. Azərbaycanın yeni strateji tərəfdaşlıq sazişi və regionda sabitliyin təminatı istiqamətində atdığı addımlar ciddi geosiyasi dəyişikliklərə səbəb olur. Bu proseslərə qarşı çıxan Rusiya və İranın təhdidləri isə reallıqdan uzaqdır və Azərbaycana ciddi zərər vurmaq potensialı məhduddur. Əksinə, Azərbaycan möhkəm beynəlxalq dəstək sayəsində regionda öz mövqeyini gücləndirməkdədir”.
Bəsti Rəfizadə
Sfera.az