"Rusiya maraqlarını təmin etmədən geri çəkilməyəcək" - AÇIQLAMA

İngiltərə mediası yazır ki, Ukrayna işğal altında olan torpaqları Rusiyaya güzəştə getməyə hazırdır. Lakin bunun üçün əsas şərt Ukraynanın silahlanması və NATO-ya üzv olmasıdır.
Bu iddia nə dərəcədə doğru ola bilər? Ukrayna torpaq itirməyə, Rusiya isə Ukraynanın NATO-ya üzvlüyünə razı ola bilərmi?
Sözügüdən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, nəzərdə tutulan Tramp-Putin görüşü ərəfəsində mediada belə məlumatların yayılması gözlənilən idi.
O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamasına baxmayaraq, torpaq güzəştindən söhbət gedə bilməz fikirləri Britaniya, Avropa və İtaliya mətbuatında geniş yer tutmuşdur:
“Əslində bu düşüncələr əsassız deyil. NATO rəsmilərinin mövqeyinə əsasən, Ukrayna tərəfinin müəyyən torpaq güzəşti müqabilində NATO-ya daxil olması Rusiyanın qəbul edə biləcəyi ehtimal olunur. Burada həm Rusiyaya qarşı qıcıq yaradılması, həm də hazırkı vəziyyəti Ukraynanın xeyrinə dəyişdirmək cəhdləri mövcud idi, Kiyev isə burada həqiqətən qurban mövqeyindədir”.
Ü.Zülfiqar ümumilikdə Rusiyaya qarşı güzəştlər nəzərdə tutulsa, bunun yalnız Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəyi təqdirdə mümkün olacağını əlavə edib:
“Çünki Rusiya bu münaqişəyə qoşulubsa, oradan heç bir güzəşt almadan, öz maraqlarını təmin etmədən geri çəkilməyəcək. Ona görə də güzəştlərin olma ehtimalı var, lakin onun konkret olaraq torpaq güzəşti olub-olmaması hələ tam dəqiqləşdirilməyib”.
Fidan Hacızadə
Sfera.az






