İsrail bəyanat verdi- Müharibə başlayır?

İsrail bəyanat verdi- <span style="color:#ff0000">Müharibə başlayır?</span>
Kateqoriya məlum deyil12.08.25, 10:5044 👁️
T

İsrailin müdafiə naziri İsrael Katz İran lideri Ayətullah Əli Xameneini yenidən təhdid edib. 

 

“Xameneiyə sığınacaqdan çıxarkən vaxtaşırı gözlərini göyə qaldırmağı və hər bir vızıltıya diqqətlə qulaq asmağı məsləhət görürəm”,- o açıqlamasında bildirib.

 

Bu bəyanat İsrail–İran münasibətlərinə necə təsir göstərə bilər? Katzın sözləri regionda gərginliyi artıracaqmı?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu istiqamətdə bir sıra suallar yaranır:

 

 

"İsrail ilə İran arasında 12 günlük müharibə birdəfəlik başa çatdı? Bu qarşıdurmanın davamı olacaqmı? İsrail İranda strateji məqsədlərinə nail oldu, yoxsa bu müharibədən hansı tərəf qalib gəldi? – belə suallar hal-hazırda çox aktualdır. Xüsusilə İsrailin müdafiə naziri Katzın İran lideri Xameneiyə yenidən təhdidlər yönəltməsi və ona sığınacaqdan çıxarkən tez-tez gözlərini göyə qaldırıb hər bir səslənməyə diqqətlə qulaq asmağı tövsiyə etməsi, bu münaqişənin sonlandığını deməyin sadəlövhlük olacağını göstərir”.

 

Millət vəkili İsrailin əsas məqsədinin İran nüvə silahına malik olmaması olduğunu deyib:

 

“İran isə rəsmi mövqeyini belə ifadə edir ki, uranın zənginləşdirilməsindən imtina etməyəcək. Natanzdakı uran zənginləşdirmə obyektlərinin böyük hissəsinin ABŞ-nin hücumu ilə zərər görməsi onların fəaliyyətini xilas edib və İran bu istiqamətdə işini davam etdirəcək. Bütün bunlar sübut edir ki, İsrail ilə İran arasındakı qarşıdurmanın yenidən alovlanması zaman məsələsidir. Nə qədər ki, İsrail strateji məqsədinə tam nail olmayıb, nə qədər ki, İran uranı zənginləşdirməkdən çəkilməyib, hərbi qarşıdurmanın kəskinləşməsi istənilən anda baş verə bilər. Buna heç kim zəmanət verə bilməz”.

 

Deputat əlavə edib ki, xüsusilə MAQATE-nin İranın uranı zənginləşdirməsi ilə bağlı ciddi xəbərdarlıqları fonunda, 12 günlük münaqişənin davamı və daha ağır ssenarilərin reallaşması ehtimalı yüksəkdir: 


“Bu səbəbdən də güman etmək olar ki, İsrail müdafiə nazirinin açıqlaması İranla gərginliyi daha da yüksəldəcək, tərəflərin bir-birinə qarşı hədələyici bəyanatlarının sayı həm miqdar, həm də keyfiyyət baxımından artacaq. İndidən artıq bütün bunları proqnozlaşdırmaq mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...