Münasibətlərdə yeni mərhələ: ABŞ vizası Bakıda veriləcəkmi?

Hazırda Azərbaycan vətəndaşları ABŞ-yə səfər etmək istədikdə vizanı Bakıdakı səfirlikdən yox, Gürcüstandakı və ya digər ölkələrdəki səfirliklərdən almalıdır. Bu tələb Azərbaycan vətəndaşları üçün həm vaxt itkisinə, həm də əlavə xərclərə gətirib çıxarır.
Avqustun 8-də Vaşinqtondakı görüşdən sonra Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni mərhələnin əsası qoyulub.
Münasibətlərin yaxşılaşması fonunda Azərbaycan və ABŞ arasında bəzi müsbət dəyişikliklərin olacağı, o cümlədən viza əldə etməyin asanlaşağını gözləyə bilərikmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Vaşinqton danışıqlarından sonra Azərbaycan–ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub:
“Ölkələrimiz 4 illik çətin dövrdən sonra yenidən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Dövlət başçılarımız Vaşinqtonda dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi ilə bağlı hökumətlərarası Anlaşma Memorandumu imzaladılar. Donald Trampın prezidentliyi dövründə əlaqələrin daha da sürətlə inkişaf edəcəyinə ümid edirik. Bu, əməkdaşlığın dərinləşdirilməsi və vətəndaşların səfərlərinin sadələşdirilməsi ilə bağlı yeni sənədlərin imzalanmasına gətirib çıxara bilər”.

Deputat vurğulayıb ki, Azərbaycan artıq Çinlə vizasız gediş-gəliş razılaşmasına nail olub və bu, ABŞ ilə də mümkün ola bilər:
“Biz dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinlə vizasız səfərləri təmin etdik. Bu, vətəndaşlarımızın Çinə, Çin vətəndaşlarının isə Azərbaycana sərbəst səfərlər etməsinə imkan yaratdı. Eyni qaydanı gələcəkdə dünyanın birinci iqtisadiyyatı olan ABŞ ilə də imzalamaq mümkündür”.
Azərbaycan və ABŞ arasında birbaşa uçuşların olmamasına da toxunan Azər Badamov bunun səbəbini sərnişin sayının azlığı ilə izah edib:
“ABŞ-yə birbaşa reyslərin olmaması kifayət qədər sərnişinin olmaması ilə bağlıdır. Vətəndaşlarımız hazırda Gürcüstan, Türkiyə və digər ölkələr üzərindən ABŞ-yə gedirlər. Lakin gələcəkdə viza qaydalarının sadələşdirilməsi səfər edənlərin sayını artıracaq. Bu da sərnişin sayının kifayət qədər olmasına və birbaşa uçuşların bərpa edilməsinə şərait yaradacaq”.
Bəsti Rəfizadə
Sfera.az






