Odessadakı SOCAR anbarına hücum: Rusiya hansı mesajı vermək istəyir?

Odessadakı SOCAR anbarına hücum: Rusiya hansı mesajı vermək istəyir?
Kateqoriya məlum deyil
T

Bir neçə gün öncə Rusiya ordusu Ukraynanın Odessa vilayətində yerləşən SOCAR-a məxsus yanacaq anbarına “Şahed” kamikadze dronu ilə zərbə endirib. Bu zərbələrdən sonra anbara ciddi ziyan dəyib və bir neçə işçi xəsarət alıb.

 

SOCAR-a məxsus yanacaq anbarına hücumu müharibədə baş verən adi hadisə kimi qiymətləndirmək olardı. Lakin nəzərə alsaq ki, bu hücum Azərbaycanla Ukrayna arasında qaz satışına dair razılaşmanın əldə edilməsindən, eləcə də Rusiya və Azərbaycan münasibətlərində yaranan soyuqluqdan sonra baş verib, o halda onu təsadüfi hal hesab etmək olmaz.

 

Məsələni şərh edən politoloq Sultan Zahidov Sfera.az-a açıqlamasında bildirib ki, bu hadisənin təsadüfi olması inandırıcı görünmür:

 

“Son aylarda Rusiya–Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Bu gərginliyin başlanğıcı ötən ilin dekabrında baş verən, Rusiya tərəfindən AZAL təyyarəsinin vurulması ilə bağlı hadisəyə gedib çıxır. Moskva məsuliyyəti üzərinə götürmədi, obyektiv araşdırma üçün şərait yaratmadı. Ardınca Rusiya mediasında Azərbaycana qarşı qarayaxma kampaniyası başlandı. Daha sonra Rusiyada yaşayan azərbaycanlı diaspora və biznes nümayəndələrinin təqib olunması, Yekaterinburqda baş verən hadisələr münasibətləri daha da zədələdi”.

 

 

Politoloqun sözlərinə görə, son dövrdə Azərbaycanın beynəlxalq arenada atdığı mühüm addımlar, xüsusilə də Vaşinqton danışıqları nəticəsində Ermənistanla sülh bəyanatının imzalanması, Moskvanın narazılığına səbəb olan əsas məqamlar sırasındadır:

 

“Azərbaycan və Ermənistanın birgə bəyanatda sülhə sadiqliyini vurğulaması, üstəlik Zəngəzur dəhlizi məsələsində ABŞ şirkətlərinin mümkün iştirak perspektivi Rusiyanın qəbul edə bilmədiyi bir mənzərədir. Çünki Moskva hər zaman çalışıb ki, Cənubi Qafqazdakı bütün proseslər öz nəzarətində olsun. Bu proseslərdə ABŞ-nin vasitəçi rolunun güclənməsi, Rusiyanın bölgədəki təsir imkanlarının azalması deməkdir”.

 

Ekspert hesab edir ki, Odessadakı hücum Azərbaycanın planlı şəkildə hədəfə alınmasının göstəricisidir:

 

“Balkanlar üzərindən Ukraynaya qaz ixracı ilə bağlı əldə olunan razılaşmadan sonra Odessadakı, Ukraynaya qaz təmin edən terminalın vurulması təsadüf sayıla bilməz. Bu, Azərbaycanın enerji siyasətinə və beynəlxalq mövqeyinə birbaşa təzyiqdir. Kreml eyni ssenarini Ermənistana qarşı da tətbiq edir. Məqsəd həm Bakıya, həm də İrəvana “regiondakı əsas söz sahibi hələ də Rusiyadır” mesajını verməkdir”.

 

Həmçinin Rusiya Ukraynadakı hərbi uğursuzluqlarını kompensasiya etmək üçün qonşu bölgələrdə qeyri-sabitlik yaratmağa çalışır:

 

“Moskva geosiyasi ambisiyaları naminə Cənubi Qafqazda gərginliyi alovlandırmaqdan çəkinmir. Amma Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. İkinci Qarabağ müharibəsindən sonra ölkə yeni geosiyasi reallıq yaradıb, hərbi-siyasi mövqelərini möhkəmləndirib. Türkiyə ilə strateji müttəfiqlik, ABŞ ilə əlaqələrin yeni mərhələyə yüksəlməsi Rusiyanın təzyiqlərini məhdudlaşdıran əsas faktorlardır. Azərbaycanın hazırkı siyasəti milli maraqlara uyğundur və mövcud geosiyasi reallıqları nəzərə alır”.

 

Sultan Zahidovun fikrincə, Vaşinqton danışıqlarından sonra Rusiyanın Azərbaycana qarşı addımlarının daha da sərtləşməsi ehtimalı yüksəkdir, lakin bu, Moskvanın bölgədə tam üstünlük qazanmasına imkan verməyəcək.

 

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR