Sərhədlər açılır, yollar birləşir – Cənubi Qafqazda yeni ümidlər

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən gərginlik və münaqişə indi yeni bir mərhələyə qədəm qoyur. Vaşinqtonda əldə olunan razılaşma regionda sülh və sabitlik üçün mühüm ümidlər yaradıb.
Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Azərbaycan və Ermənistan arasında sülh prosesinin gələcək mərhələləri barədə danışıb.
Onun sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşma və imzalanmış sənəd tarixi əhəmiyyət daşımır, lakin faktiki olaraq Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Qasımov bildirib ki, artıq iki ölkə arasındakı münaqişənin sona çatmasına dair əlamətlər görünür:
“Ortaq bəyanata əsasən, növbəti mərhələdə sərhəd məsələlərinin həlli, kommunikasiya xətlərinin açılması, iqtisadi və mühəndislik əməkdaşlığının yaradılması, əməkdaşlıq formatlarının təmin edilməsi istiqamətində addımlar atılacaq. Ermənistan hökuməti də atdığı imzanın məsuliyyətini dərk edərək ölkəsini, ictimaiyyəti bu istiqamətdə hazırlamalıdır”.

Politoloq qeyd edib ki, sülh müqaviləsinin imzalanmasına mane olan əsas amillərdən biri Ermənistan Konstitusiyasının mövcud müddəalarıdır və bu sənədə dəyişiklik edilməsi artıq ciddi şəkildə aktuallaşıb.
Onun fikrincə, prosesin qarşısını almaq üçün regionda marağı olan qüvvələr, xüsusilə İran və Rusiya cəhd göstərəcəklər:
“İran açıq şəkildə narazılığını ifadə edir, Rusiya isə diplomatik dildə olsa da, mövqeyini gizlətmir. Bu ölkələr, həmçinin Hindistan kimi digər dövlətlər də Ermənistanda daxili gərginliyi artırmaqla prosesi pozmağa çalışa bilər”.
O. Qasımov vurğulayıb ki, Ermənistan hakimiyyəti imzaladığı sənədin məsuliyyətindən geri çəkilməməlidir:
“Əks halda, bu, yalnız Azərbaycanın deyil, həm də ABŞ-nin və şəxsən onun prezidentinin narazılığına səbəb ola bilər ki, bu da Ermənistan üçün arzuolunan deyil”.
Bəsti Rəfizadə
Sfera.az






