Cənubi Qafqazda yeni reallıqlar: Rusiya təsirini itirir, Azərbaycan güclənir

Cənubi Qafqazda geosiyasi mənzərə sürətlə dəyişir. Trampın vasitəçiliyi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, ABŞ Konqresinin 907-ci düzəlişin icrasını dayandırması, Vaşinqtonun sülh prosesində fəallığının artması və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi regionda güc balansını yenidən formalaşdırır. Bu proseslər fonunda Azərbaycanın mövqeyi daha da güclənir və ölkə regionun əsas oyunçularından birinə çevrilir. Lakin yaranan yeni reallıqlar Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir dairəsini daraldır. Bu şəraitdə Moskvanın mövqeyi və atacağı addımlar maraq doğurur.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan tarixən regionda fəal mövqe sərgiləyib:
“Son 15-20 ildə ölkəmiz beynəlxalq münasibətlərdə və əməkdaşlıq sahəsində mühüm rol oynayıb. Bu dövrdə Cənubi Qafqazda böyük strateji əhəmiyyətə malik nəqliyyat və enerji layihələri həyata keçirilib, Azərbaycan isə həm təşəbbüskar, həm də fəal iştirakçı kimi çıxış edib. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi, separatizmin kökünün tamamilə kəsilməsi və bütün ərazilərimizdə suverenliyin təmin olunması ölkəmizin gücünün və fəallığının bariz göstəricisidir”.
Ekspert qeyd edib ki, Azərbaycanın mövqeyi həmişə sülh, əmin-amanlıq və əməkdaşlığın qorunması olub:
“Azərbaycan heç vaxt qarşıdurma tərəfdarı olmayıb. Rusiya ilə də münasibətlər kifayət qədər normaldır. Hesab edirəm ki, Moskva da görür ki, ölkəmiz regionda əməkdaşlığı və sülhü təşviq edir. 907-ci düzəlişin icrasının dayandırılması isə Azərbaycanın növbəti güc nümayişidir. Xüsusilə vurğulamaq lazımdır ki, sülh şəraitini yaradan Azərbaycan oldu, bunu ABŞ etmədi”.
Politoloq bildirib ki, 907-ci düzəlişin tamamilə ləğv ediləcəyi təqdirdə ABŞ-nin regiona münasibətdə ədalətli mövqe sərgilədiyi təsdiqlənəcək:
“Bütün bu proseslər ABŞ-nin deyil, məhz Azərbaycan Prezidentinin rəhbərliyi, ordumuzun gücü, xalqımızın iradəsi və şücaəti sayəsində reallaşıb. Biz elə reallıqlar yaratdıq ki, ədalətli sülh üçün imkanlar yarandı. Azərbaycanın mövqeyi və iradəsi bundan sonra da prosesləri ədalətli məcrada idarə edəcək”.
Bəsti Rəfizadə
Sfera.az






