Bu müddəalar Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir

"Cənab Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri, şübhəsiz ki, Azərbaycan–Amerika münasibətləri üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə bu səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutması, Vaşinqtonun həm Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu açıq şəkildə göstərir"
Sfera.az bildirir ki, bu fikirləri millət vəkili Göydəniz Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Vaşinqton səfəri çərçivəsində baş verən iki mühüm hadisə ikitərəfli münasibətlərin yeni müstəvidə inkişafına güclü təkan verəcək.
"Birinci hadisə, 1992-ci ilin oktyabrından etibarən ABŞ Konqresinin tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv olunmasıdır. Dövlət başçımızın Ağ Evdə mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycanın bu gün heç bir xarici yardıma ehtiyacı yoxdur. Lakin bu düzəlişin ləğvi rəmzi xarakter daşımaqla yanaşı, Prezident Tramp tərəfindən ölkəmizə qarşı mühüm siyasi jest oldu.
İkinci mühüm hadisə isə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq sənədinin hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə xartiyanın imzalanmasıdır. Bununla, iki ölkə arasındakı münasibətlər yeni pilləyə yüksəlir və Azərbaycan–ABŞ strateji tərəfdaşlığı faktiki olaraq başlayır. Bu, ölkəmiz üçün tarixi nailiyyət olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin növbəti parlaq nəticəsidir"
Millət vəkili vurğulayıb ki, 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat da səfərin tarixi əhəmiyyətini təsdiq edir. Həmin gün Azərbaycan və ABŞ Prezidentləri, eləcə də Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalanmış, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni Ağ Evdə paraflanmışdır. Eyni zamanda, ATƏT-in Minsk prosesi və əlaqədar strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubu qəbul edilmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu müraciət 2020-ci ildən bəri Azərbaycanın gündəmdə saxladığı və sülh prosesinə mane olan ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində mühüm addımdır.
Birgə Bəyannamədə yer alan daha bir əhəmiyyətli bənd iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına aiddir. Burada, regionda kommunikasiyaların bərpası çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasının vacibliyi qeyd edilir.
Bundan başqa millət vəkili bildirib ki, bu məqsədlə sənəddə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunmuşdur. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin edəcək ABŞ tərəfindən dəstəklənən layihəni nəzərdə tutur.
"Birmənalı şəkildə demək olar ki, Birgə Bəyannamədə yer alan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət və Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması barədə müddəalar Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir."






