İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması istiqamətində əldə olunan razılaşmanı alqışlayıb.
Sfera.az İran mediasına istinadən xəbər verir ki, bu barədə İran XİN açıqlama yayıb. Bildirilib ki, razılaşma Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün mühüm addımdır.
Tehran tərəfləri dialoq və diplomatiya yolu ilə problemləri həll etməyə çağıraraq, regionda sabitliyin bütün ölkələrin maraqlarına xidmət edəcəyini vurğulayıb. Nazirlik həmçinin sərhədlər yaxınlığında xarici müdaxilənin istənilən formada mənfi nəticələr doğuracağı barədə xəbərdarlıq edib.
Bəyanatda qeyd olunub ki, kommunikasiya yollarının qurulması və əlaqələrin bərpası yalnız qarşılıqlı hörmət, milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməklə həyata keçirilməlidir. İran, “3+3” formatında əməkdaşlıq çərçivəsində həm Azərbaycan, həm də Ermənistanla konstruktiv münasibətləri davam etdirməyə hazır olduğunu bildirib.
Fidan Hacızadə
Sfera.az