Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında ərazi mübadiləsinin mümkünlüyünü etiraf edib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, məlumata görə, hökumət başçısı imzalanmış və paraflanmış sənədlərə əsasən, SSRİ dövründə müəyyən edilən sərhədlərin indiki xəritələrlə uyğun olduğunu bildirib.
Paşinyanın sözlərinə görə, bu məntiqlə hazırda Ermənistana məxsus, lakin Azərbaycanın nəzarətində olan, eləcə də Azərbaycana məxsus, amma Ermənistanın nəzarətində qalan ərazilər mövcuddur. O, sərhədlərin delimitasiyası prosesinin davam etdiriləcəyini, tərəflərin bir-birinə aid olmayan torpaqları qaytarmalı olduğunu vurğulayıb.
Baş nazir əlavə edib ki, Ermənistanın 29 743 kvadrat kilometrlik ərazi bütövlüyünü qorumaq məqsədilə ekvivalentlik prinsipi əsasında və referendum yolu ilə bəzi ərazilərin mübadiləsi mümkündür.
Xatırladaq ki, dünən Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Ağ Evdə keçirilən mərasimdə Tramp Azərbaycan və Ermənistanın uzunmüddətli dostluq quracağına inandığını bildirib. ABŞ lideri həmçinin Vaşinqtonun Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.
Fidan Hacızadə
Sfera.az