Trampın vasitəçiliyi ilə sülh: Rusiya necə davranacaq?
ABŞ-nin Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp sülhpərvər siyasət yürüdür. Onun sözlərinə görə, Tramp administrasiyası Hindistan-Pakistan və Kamboca-Tailand arasındakı münaqişələrin dinc yolla həllinə nail olub və indi növbə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə çatıb.
Belə görünür ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə məhz ABŞ-nin səyləri ilə mümkün olacaq, Rusiya isə bu prosesdən kənarda qalacaq.
Bəs bu vəziyyətdə Rusiyadan hansı davranışlar görəcəyik? Mümkündürmü ki, Moskva bu prosesə qarşı çıxaraq Qafqazda yeni gərginliklərə səbəb olsun?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü Trampın sülh istiqamətində atdığı addımların Rusiyanı ciddi şəkildə qıcıqlandıracağını düşünmür:
“Mən zənn etmirəm ki, Trampın sülh üçün göstərdiyi səylər Rusiyanı o qədər narahat etsin ki, bu, bizə qarşı və ya ümumilikdə Cənubi Qafqaz bölgəsində neqativ addımlarla nəticələnsin. Onsuz da Rusiya və ABŞ arasında dialoq mövcuddur, görüşlər keçirilir, münasibətlər var. Üstəlik, Azərbaycan-Ermənistan arasında gedən proses elə bir məsələdir ki, təkcə Tramp yox, hər bir dövlət başçısı istəyərdi ki, bu sülh onun adı ilə tarixə düşsün. Bu, 30 ildən çox davam edən bir münaqişədir və əgər sülh əldə olunarsa, həmin ölkənin adı tarixə yazılacaq”.
Siyasi şərhçi bildirib ki, Rusiyanın bu məsələdə müəyyən qədər narahatlıq və qısqanclığı başa düşüləndir, lakin bu narahatlıq real təhlükəyə çevriləcək səviyyədə deyil:
“Düşünmürəm ki, bu, ciddi gərginliklərə yol açacaq. Çünki nə Rusiya 30 il əvvəlki Rusiyadır, nə də Cənubi Qafqaz əvvəlki vəziyyətdədir. Azərbaycan artıq kifayət qədər güclü dövlətdir, öz potensialına və müttəfiqlərinə malikdir”.

Ekspert ABŞ-Rusiya münasibətlərinə də toxunaraq bildirib ki, Tramp dövründə bu münasibətlər Bayden administrasiyasına nisbətən daha açıq dialoq şəklində davam edir, amma nəticə baxımından dəyişiklik yoxdur:
“Bəli, Tramp Rusiya ilə dialoqa üstünlük verir, görüşlər keçirilir. Lakin konkret nəticələr yoxdur. Yəni əvvəlki gərgin münasibətlər bu gün də davam edir və görünür ki, bu xətt belə də gedəcək”.
Beləliklə, ekspertin fikrincə, ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında əldə olunacaq sülh Rusiyanı ciddi narahat etməyəcək və bölgədə yeni gərginliklərə səbəb olmayacaq.
Bəsti Rəfizadə
Sfera.az






