Pezeşkian ilk dəfə Ermənistanda – Səfərlə hansı mesajlar veriləcək?

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Səfər ABŞ-də gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündən sonra planlaşdırılır.
Bəs Vaşinqtondakı görüşdən sonra İran prezidentinin Ermənistana səfəri hansı məqsədi daşıyır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə görə, Pezeşkianın Ermənistana səfəri İranın Cənubi Qafqazda zəifləyən mövqeyini bərpa etməyə, bu regionda öz maraqlarını qoruyub-saxlamağa hesablanıb:
“Bu səfər İranın regionda mövcudluğunu təsdiqləmək və maraqlarını müzakirə etmək məqsədi daşıyır. Pezeşkian prezident seçildikdən sonra Rusiya və Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə səfər edib. İndi isə ilk dəfə Ermənistana gedəcək”.
Siyasi şərhçi hesab edir ki, bu səfər Azərbaycan üçün hər hansı bir təhlükə yaratmır:
“Azərbaycan regionda öz mövqelərini qoruyur. İranla münasibətlərdə bəzi fikir ayrılıqları, xüsusilə Zəngəzur dəhlizi məsələsində fərqli yanaşmalar olsa da, Pezeşkianın səfəri Bakının mövqeyini dəyişmir. Azərbaycan qəti və prinsipial siyasət yürüdür”.
Ağayev əlavə edib ki, Pezeşkianın Ermənistana səfəri İran İslam Respublikasının regionla bağlı maraqları ilə əlaqədardır:
“Əsas qiymətləndirmə səfərdən sonra məlum olacaq. Unutmayaq ki, İranda prezidentdən də üstün olan dini lider var və onun mövqeyi də önəmlidir. Hər şey tam şəkildə bundan sonra aydınlaşacaq”.
Bəsti Rəfizadə
Sfera.az