"Trampın nümayəndəsi Qəzzaya buna görə səfər edib" - İran XİN-dən AÇIQLAMA

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağına səfəri Vaşinqtonun İsrailin fələstinlilərə qarşı törətdiyi cinayətləri ört-basdır etmək məqsədi daşıyır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.
“ABŞ-nin elçilərindən birinin Qəzza zolağına səfəri, Vaşinqtonun sionist rejimin cinayətlərini gizlətmək cəhdlərini açıq şəkildə nümayiş etdirən bir tamaşadır”, – deyə diplomat vurğulayıb.
Baqainin sözlərinə görə, ABŞ-də iqtidarda demokrat və ya respublikaçı olmasından asılı olmayaraq, ölkə hər zaman İsrailin hərəkətlərini tam dəstəkləyib və buna görə də bütün cinayətlərə görə məsuliyyət daşıyır.
O əlavə edib ki, ABŞ-nin müxalifəti səbəbindən BMT Təhlükəsizlik Şurası indiyədək Qəzza zolağında soyqırımın dayandırılması və fələstinlilərə yardım göstərilməsi ilə bağlı heç bir bəyannamə qəbul edə bilməyib.
Xatırladaq ki, iyulun 31-də Stiven Uitkoff İsrailə səfər edərək baş nazir Benyamin Netanyahu ilə Qəzzaya ərzaq tədarükünün genişləndirilməsini müzakirə edib. Ertəsi gün isə amerikalı diplomat İsrail rəsmilərinin müşayiəti ilə Qəzzada humanitar yardım paylama məntəqəsinə baş çəkib.
Fidan Hacızadə
Sfera.az