Prezident Xaçaturyandan mühüm açıqlama: “Sünikin qapıları açılsa…”

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinləri ilə görüşündə Zəngəzur dəhlizindən danışıb. Prezident qeyd edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun açılması vacibdir.
"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Xaçaturyanın açıqlamasında diqqətçəkən iki məqam var. Bunlardan birincisi Zəngəzur dəhlizi, ikincisi sülh sazişi ilə bağlıdır.
Novruzov qeyd edib ki, Zəngəzur dəhlizinin açılması həm rəsmi Bakının, həm də Ankaranın gündəmindədir:
“Həm ikitərəfli, həm də Ermənistanla davam edən təmaslarda bu mövzunun da gündəmdə olduğuna şübhə olmamalıdır. Çünki Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından kifayət qədər vacibdir.
Ermənistan da başa düşür ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün prioritetdir. Üstəlik, dəhlizin açılmasında maraqlı olan böyük güclər də var. Belə bir şəraitdə İrəvan sonsuza qədər müqavimət göstərə bilməz.
Məsələ burasındadır ki, Ermənistanın gələcəyi mübahisəlidir. Rəsmi İrəvana həm Qərbdən, həm də Rusiyadan kifayət qədər təzyiq göstərilir. Bu, Ermənistan üçün yeni təhlükəsizlik çətirinin vacibliyini gündəmə gətirir. Belə bir vaxtda Azərbaycan və Türkiyə Ermənistanın təhlükəsizliyinə təminat verə bilər. Əslində bu, müəyyən mənada Bakı və Ankaranın da maraqlarına uyğundur. Çünki kənar qüvvələrin Cənubi Qafqaza girməsinin qarşısı alınacaq.
Lakin bunun üçün Ermənistan destruktiv ritorikasından əl çəkməlidir. Əslində Zəngəzur dəhlizinin açılması İrəvanın özünün də maraqlarına cavab verir. Çünki məhz dəhlizin açılması nəticəsində Ermənistan iqtisadiyyatı canlanacaq, həmçinin bu dövlət özünü regional təcrid siyasətindən xilas edəcək. Amma həm bunu, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən güclər var. Həmin qüvvələr bu və ya digər formada Ermənistana təzyiq göstərməkdədirlər”.
Siyasi şərhçinin fikrincə, Ermənistan rəsmilərinin, o cümlədən prezidentin Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikirlər müsbət impuls kimi qəbul edilməlidir:
“Rəsmi İrəvan dəhlizin açılması üçün siyasi iradə ortaya qoymalı və kənar təsirlərdən uzaqlaşmalıdır. Yəqin ki, belə də edəcək. Xaçaturyanın dedikləri həm daxili, həm də beynəlxalq auditoriyanı dəhlizin açılmasına hazırlamaq cəhdi kimi dəyərləndirilə bilər.
Sülh sazişi məsələsinə gəldikdə isə hər iki tərəfdən bu istiqamətdə müsbət mesajlar verilir. Sülh heç vaxt olmadığı qədər yaxındır. Sadəcə buna əngəl yaradan bir neçə məqam var. Bunlardan birincisi Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları, ikincisi isə ATƏT-in Minsk Qrupunun mövcudluğudur. Ermənistan rəsmi Bakının haqlı, məntiqli tələblərinə uyğun olaraq konstitusiyasını dəyişdirməli və Minsk Qrupunun ləğvi təşəbbüsü ilə çıxış etməlidir.
Həmçinin, qərbi azərbaycanlıların öz dədə- baba yurdlarına qayıtmalarına da maneə yaradılmamalıdır”.
K.Novruzovun sözlərinə görə, Ermənistan prezidentinin dediklərindən belə məlum olur ki, qarşı tərəf Azərbaycanın tələblərini yerinə yetirməyə hazırdır. Əlbəttə, bu, İrəvanın konstruktiv mövqeyi kimi yox, Bakının hərbi- diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilməlidir. Yaxın gələcəkdə sülh sazişi imzalanmasa belə, tərəflər arasında müsbət dinamika davam edəcək və ciddi nəticələr əldə olunacaq.
Firuzə Əliyeva
Sfera.az